AZ

Elçin Xalidbəyli: “Çin artıq supergüc statusuna iddia edir”

“Çinin açıq şəkildə bütün dünyaya güc nümayiş etdirməsi əsasən ABŞ və Qərbə yönəlib. Son illərdə bu iki dövlət arasında kəskin rəqabət və qarşıdurma mövcuddur. Bunun əsas səbəblərindən biri odur ki, Çin artıq dünya supergücü statusuna iddia edir və bu statusa böyük ölçüdə yaxınlaşıb. Çinin əlindəki imkanlar və resurslar onun supergüç olması üçün bütün şəraiti təmin edir. Ən önəmlisi odur ki, Çin güclü hərbi potensiala malik nüvə dövlətidir və istənilən xarici dövlətlə qarşıdurmada üstünlük qazana biləcək imkanlara sahibdir. Bu isə ABŞ-ı ciddi şəkildə narahat edir. Digər vacib məqam isə odur ki, Çin iqtisadi-ticarət münasibətlərini bütün dünya üzrə genişləndirib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Tiananmen meydanında keçirilən rəsmi hərbi paradda Çin Xalq Respublikası strateji nüvə triadasını ilk dəfə nümayiş etdirib. Tədbirdə həm quruda, həm dənizdə, həm də havada yerləşdirilən nüvə qüvvələri – o cümlədən qitələrarası ballistik raketlər, nüvə başlıqlı sualtı raket daşıyıcıları və strateji bombardmançı təyyarələr – geniş şəkildə göstərilib. Paradda Çin Prezidenti Si Cinpin iştirak edib və bir neçə xarici dövlətin liderləri də bu nümayişi canlı izləyib. Analitiklər bu addımı Pekinin hərbi gücünü artırması və dünya səhnəsində nüfuzunu gücləndirməsi baxımından mühüm hadisə sayırlar.

Siyasi şərhçi bildirib ki, Çin agresiv bir dövlət deyil, çünki xarici siyasətini əsasən iqtisadi-ticarət amilləri üzərində qurur.

“Çinin əsas məqsədi bütün dünya dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi-ticarət əlaqələri qurmaq və bu yolla maliyyə gəlirləri əldə etməkdir. Son illərə qədər Çin bu hədəfinə böyük ölçüdə nail olub. Onun dünyanın müxtəlif regionlarındakı təsir gücü məhz iqtisadi-ticarət faktorlara əsaslanır. Yəni xarici ölkələrə Çin tərəfindən işğal və ya hərbi təhdid vasitəsilə təzyiq göstərilmir. Əksinə, ticarət və iqtisadi əlaqələr vasitəsilə təsir mexanizmləri yaradılır ki, bu da Çinin yumşaq güc siyasətinin birbaşa ifadəsidir. Hazırda Trump administrasiyası Çinin iqtisadi yüksəlişindən ciddi narahatdır və ABŞ-də etiraf edirlər ki, Çinlə iqtisadi-ticarət sahəsində rəqabətdə geri qalırlar. Bu vəziyyəti balanslaşdırmaq üçün müxtəlif variantlar üzərində işlənir, lakin hələlik bu variantlar Çinə təzyiq göstərmək üçün kifayət etmir. Çinin əsas problemlərindən biri isə Tayvan böhranıdır. Çində hesab edirlər ki, Tayvan Çin ərazisinə aiddir və geri qaytarılmalıdır. Ancaq ABŞ Tayvanı tam şəkildə dəstəkləyir və silah-suçsa, texnika və maliyyə-iqtisadi sərmayələr sayəsində Tayvan hələlik Çinə müqavimət göstərə bilir. Lakin vəziyyət sürətlə dəyişir və bu balansın nə qədər davam edəcəyi şübhəlidir. Bütün bunları nəzərə alaraq belə demək olar ki, Çində keçirilən hərbi parad və nüvə potensialı üzərindən verilən mesajlar birbaşa ABŞ-a və qərb dövlətlərinə, yəni NATO üzvü ölkələrə açıq xəbərdarlıq xarakteri daşıyır. Bu xəbərdarlığın nəticələrinin yaxın vaxtlarda aydınlaşacağı gözlənilir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
73
aznews.az

1Mənbələr