AZ

Xaçmazda işıq problemi – icra başçısının tapşırığı havada qalıb

Xaçmaz rayonunda bir neçə kəndin sakinləri elektrik enerjisinin tez-tez kəsilməsindən narazıdır.

Musavat.com xəbər verir ki, Laman, Köhnə Xudat, Çiləgir, Dədəli, Xuray, Ağyazı-Buduq, Padar, Yergüc, Qaradağ-Buduq, Armudpadar, Sərkərli və Üçgünqışlaq kəndlərinin əhalisi “Azərişıq” ASC-nin fəaliyyəti ilə bağlı Xaçmaz İcra Hakimiyyətinə müraciət edərək ciddi narazılıqlarını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, işıq ya tez-tez kəsilir, ya da müəyyən saatlarda ümumiyyətlə, verilmir.

Bu isə həm gündəlik həyat, həm də təsərrüfat işləri üçün böyük çətinliklər yaradır. Məsələ ilə bağlı Yergüc kənd İcra nümayəndəliyi “Xaçmaz Xəbərləri”nə bildirilib ki, sakinlərin şikayətləri dəfələrlə “Azərişıq” ASC-yə çatdırılıb. Problem barədə rəsmi müraciətlər də edilib.

Lakin indiyədək ciddi nəticə əldə olunmayıb: “Biz dəfələrlə problemi aidiyyəti quruma bildirmişik. Təəssüf ki, indiyə qədər müsbət nəticə yoxdur. Hətta bəzən əməkdaşlarla əlaqə saxlamaq da mümkün olmur”.

Nümayəndəlik hesab edir ki, bu hal “Azərişıq”ın rayon üzrə rəhbərliyinin məsuliyyətsizliyindən xəbər verir və qurumun yerli icra orqanları ilə əməkdaşlıq etmədiyini açıq şəkildə göstərir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dəfələrlə kənd və qəsəbələrdə keçirilən görüşlərdə, iclaslarda aidiyyəti qurumlara əhalinin problemlərinin həlli ilə bağlı tapşırıqlar verib. Bu tapşırıqlar ölkə rəhbərliyinin “xalqın məmnuniyyətlə xidmət alması” barədə çağırışlarına uyğun olaraq irəli sürülüb. Lakin sakinlərin sözlərinə görə, “Azərişıq” Xaçmaz üzrə rəhbərliyi bu göstərişləri icra etmir, məsələni uzadır.

Qeyd edək ki, təkcə Yergüc nümayəndəliyin ərazisində təxminən 7 min nəfərə yaxın əhali yaşayır. Bu qədər insanın saatlarla, heç bir səbəb göstərilmədən günlərlə işıqsız qalması, həmçinin kəndlərin tam kabelləşdirilməsinə baxmayaraq fasiləsiz işıq verilməməsi əlavə narazılıqlar doğurur.

Məsələ təkcə bir neçə kəndlə məhdudlaşmır. Rayonun digər kənd və qəsəbələrində də oxşar problem mövcuddur. Odur ki, Xaçmaz kəndlərinin əhalisi ümid edir ki, “Azərişıq” ASC-nin baş ofisi məsələyə müdaxilə edəcək və kəndlərin işıq problemi qısa zamanda aradan qaldırılacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
77
50
musavat.com

10Mənbələr