AZ

Tramp Rusiyanı daha sərt sanksiyalarla hədələyib

Ajans.az BBC-ə istinadən xəbər verir ki,bazar günü baş verən hücumlar nəticəsində, o cümlədən bir ana və körpəsi daxil olmaqla azı dörd nəfər həlak olub. Bombardman zamanı Ukraynanın Kiyevdəki əsas hökumət binası ilk dəfə zərər görüb. Ukrayna hakimiyyəti hücumun ən azı 810 pilotsuz uçan aparat və 13 raketlə həyata keçirildiyini bildirib. Bu, Qərb dövlətləri arasında Rusiya prezidenti Vladimir Putinə qarşı daha sərt addımlar atılması çağırışlarını artırıb. Kremlin sözçüsü Dmitri Peskov hadisəyə reaksiya verərək bildirib ki, istənilən sanksiya Moskvanın "prezidentimizin dəfələrlə bəyan etdiyi ardıcıl mövqeyini" dəyişməyə məcbur edə bilməyəcək. ABŞ prezidenti Tramp, bombardmandan sonra jurnalistlərə açıqlamasında “mövcud vəziyyətdən məmnun olmadığını” bildirib. O, Moskvanın cəzalandırılmasının "ikinci mərhələsinə" keçib-keçməyəcəyi sualına konkret cavab verməsə də, qısa olaraq "Bəli, mənəm" deyə cavablayıb. Tramp bundan əvvəl də Rusiyaya qarşı sərt tədbirlər görəcəyi ilə hədələsə də, Putinin bu hədələrə əhəmiyyət vermədiyi hallarda belə, konkret addım atmadığı qeyd olunur. ABŞ-ın maliyyə naziri Scott Bessent, NBC-yə müsahibəsində Vaşinqtonun iqtisadi təzyiqləri artırmağa hazır olduğunu, lakin bunun üçün Avropa İttifaqının daha güclü dəstəyinə ehtiyac olduğunu bildirib. O deyib: “Əgər Aİ ölkələri Rusiya neftini alanlara qarşı sanksiyaları və ikinci dərəcəli tarifləri artırsa, Rusiya iqtisadiyyatı tamamilə çökə bilər və bu, Putinlə danışıqlar masasına əyləşmək üçün bir təzyiq vasitəsi olacaq.” Bessent əlavə edib ki, hazırda "Ukrayna ordusunun nə qədər davam gətirəcəyi ilə Rusiya iqtisadiyyatının nə qədər davam gətirəcəyi" arasında bir yarış gedir. Trampın rəhbərliyi altında ABŞ ötən ay Hindistandan idxala 50% tarif tətbiq etmişdi. Bu qərar, Dehlinin Rusiya neftini almağa davam etməsinə cavab olaraq verilmişdi. ABŞ prezidenti bu cür ikinci dərəcəli sanksiyaların digər ölkələrə də tətbiq oluna biləcəyini istisna etməyib. Tramp bildirib ki, bu həftənin əvvəlində bəzi Avropa liderləri müharibənin dayandırılması yollarını müzakirə etmək üçün Vaşinqtona səfər edəcəklər. Onların kimliyi açıqlanmayıb. Prezident, həmçinin yaxın günlərdə Vladimir Putinlə birbaşa danışa biləcəyinə işarə edib. Ukrayna prezidenti Vladimir Zelenski ABC News-a müsahibəsində Avropa dövlətlərini Rusiyadan enerji idxalını tamamilə dayandırmağa çağırıb: “Biz Rusiyadan istənilən enerji növünü almağı dayandırmalıyıq. Həmçinin, Rusiya ilə istənilən ticarət və ya razılaşmaları dərhal kəsməliyik. Əgər onları dayandırmaq istəyiriksə, onlarla heç bir sövdələşməmiz olmamalıdır.” Zelenski, Trampın tarif siyasətini Rusiyanın gəlirlərini azaltmaq baxımından “doğru addım” kimi dəyərləndirib.

 

Seçilən
109
50
Ajans.az

10Mənbələr