AZ

Cənubi Qafqazda ən aşağı iqtisadi artım bizdə oldu - 63-dən 55 faizə düşmüşük...


Firdovsi Şahbazov: “Problem ondadır ki, Azərbaycan iqtisadiyyatı uzun illərdir neft-qaz üzərində qurulub”

Son 2 ildə Cənubi Qafqaz ölkələrində ən aşağı iqtisadi böyümə Azərbaycanda qeydə alınıb. Ötən il Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Ermənistan və Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) həcmi 133,9 milyard dollar olub. 133,9 milyard dollarlıq ÜDM-nin 55,5%-i (74,32 milyard dollar) Azərbaycanın, 25,2%-i (33,78 milyard dollar) Gürcüstanın, 19,3%-i isə (25,79 milyard dollar) Ermənistanın payına düşüb.

Müqayisə üçün bildirək ki, 2 il əvvəl – 2022-ci ildə Cənubi Qafqaz ölkələrində ÜDM-nin həcmi 123,3 milyard dollar olub. Bunun da, 63,9%-i (78,81 milyard dollar) Azərbaycanın, 20,2%-i (24,98 milyard dollar) Gürcüstanın, 15,9%-i isə (19,51 milyard dollar) Ermənistanın payına düşüb. Açıqlanan məlumatlara görə, son 2 ildə Cənubi Qafqaz ölkələrinin birgə ÜDM-ində Azərbaycanın payı 63,9%-dən 55,5%-ə düşüb. Gürcüstada isə ÜDM 20,2%-dən 25,2%-ə, Ermənistanın ÜDM-i isə 15,9%-dən 19,3%-ə yüksəlib. Qonşu ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatı niyə kiçilir? Açılan sənaye parkları niyə iqtisadi kiçilməni önləmir?

“Qeyri-neft sektorunun inkişafı əsas prioritet kimi qəbul edilsə də, bu sahədə ciddi uğurlar əldə edilməyib”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında Azərbaycanda iqtisadi böyümənin qonşu ölkələrlə müqayisədə kiçik olmasını bir sıra amillərlə əlaqələndirdi: “Bunun əsas səbəbi neft amili ilə bağlıdır. Problem ondadır ki, Azərbaycan iqtisadiyyatı uzun illərdir neft-qaz üzərində qurulub. Bunun nəticəsidir ki, ölkənin ixrac gəlirlərinin 90 faizi neft-qaz satışı hesabına həyata keçirilir. Son illər ərzində isə həm neft hasilatı kəskin azalır, həm də neftin dünya bazar qiyməti aşağı düşüb. 2010-cu ildə Azərbaycanda 50 milyon tondan artıq neft hasil olunurdusa, so illər hazilat azalaraq 30 milyon tondan aşağı düşüb. Yeni yataqlarda hasilat başlamasa, neft hasilatı daha da azala bilər. Düzdür, son illər Azərbaycanın qaz hasilatı və ixracatı artıb. Ancaq qaz gəlirlərinin həcmi neft gəlirləri qədər böyük deyil. Onu da qeyd etməliyik ki, son illər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir sıra işlər görülür, ancaq bütün bunlar yetərli səviyyədə deyil. Uzun illərdir Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsas prioritet kimi qəbul edilsə də, bu sahədə ciddi bir uğurun əldə olunduğunu söyləmək, təəssüf ki, mümkün deyil. Dünyada proseslər neft-qaz kimi fosil yanacaqlardan imtina istiqamətində dövr etsə də, Azərbaycanda iqtisadiyyatın bu məhsullardan asılılığının azalması sürətində artım çox zəif olaraq qalır. Problem ondadır ki, 2015-2016-cı illərdə neft qiymətləri və ölkənin gəlirləri kəskin azaldığı dövrdə qəbul edilən yol xəritələrinin 80 faiz icrası təmin olunsaydı, bu gün iqtisadiyyatda qeyri-neft sektorunun payı indikindən azı iki dəfə yüksək olardı. Gürcüstanla Ermənistan isə neft ölkələri olmayıb. Bu ölkələrdə ənənəvi qeyri-neft sektorları mövcud olub. Üstəlik, qanunvericilik, vergi və digər rüsumlarla bağlı qaydalar Azərbaycana nisbətən daha mükəmməldir. Xarici investorlar bu sahələrə sərmayə qoymaqda maraqlıdılar. Çünki cəlbedicidir. Bürokratik əngəllər çox azdır. Ona görə də həmin ölkələrdə iqtisadiyyat böyüyür”.

Vidadi ORDAHALLI

Seçilən
143
baki-xeber.com

1Mənbələr