AZ

“Vestibulyar gimnastika kəskin başgicəllənmənin aradan qaldırılmasında mühüm rol oynayır”

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Pərviz Axundov nazirliyin saytına müsahibə verib.

Sabahinfo.az müsahibəni təqdim edir:

- Pərviz müəllim, ilk öncə bilmək istərdik ki, başgicəllənmə nədir və hansı növləri var?

- Başgicəllənmə (vertiqo) hərəkət olmadığı halda yerin cazibə qüvvəsinə nisbətən hərəkət hissidir. Başgicəllənmələr fizioloji və patoloji olmaqla 2 yerə ayrılır.
Fizioloji başgicəllənmələr müəyyən şəraitdə beyinə daxil olan sensor informasiyanın uyğunsuzluğu sayəsində yaranır. Məsələn, hündürlükdə dayandıqda, hərəkət edən cisimləri izlədikdə, çəkisizlik vəziyyətində, uzunmüddətli fırlandıqda və s.
Patoloji başgicəllənmələr vestibulyar və onun mərkəzi sinir sisteminin müxtəlif şöbələri ilə olan əlaqələrinin zədələnməsi zamanı meydana çıxır.
Patoloji başgicəllənmələrin 4 əsas tipi var. Ən çox rast gəlinən sistemli baş gicəllənmələr zamanı pasiyent fırlanma və ya hərəkət olmadığı halda hərəkət hissi keçirir. Digər tiplərə lipotimiya (daha çox insulin istifadə edən şəkərli diabet xəstələrində, bəzi dərmanların qəbulu ilə bağlı olaraq baş verir), yerişin və tarazlığın pozulması, psixogen başgicəllənmələr daxildir.

- Başgicəllənmələrin ən çox rast gəlinən formaları hansılardır?

- Ümumiyyətlə, başgicəllənmələr tibbi yardım üçün əsas müraciət səbəblərindən biridir. Vestibulyar vertiqolu xəstələrin arasında xoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) daha çox rast gəlinir. Belə ki, həyat boyunca xoşxassəli paroksismal pozisyonal vertiqonun yaranma ehtimalı 10 %-i civarındadır.
Vestibulyar vertiqonun digər ən çox rast gəlinən səbəbləri Menyer xəstəliyi və vestibulyar neyronitdir.

- Xoşxassəli paroksizmal pozisyonal vertiqoya səbəb nədir və o, necə özünü göstərir?

- Patologiya adətən arxa yarımdairəvi, horizontal və ya (nadir hallarda) yuxarı yarımdairəvi kanalda müşahidə olunur. Kanalolitiaz (yarımdairəvi kanallarda sərbəst üzən kalsium karbonat hissəcikləri) və ya kupulolitiaz (yarımdairəvi kanala bitişik kalsium karbonat hissəcikləri) nəticəsində pasiyentlərdə güclü başgicəllənmə, ürəkbulanma, bəzən qusma, arterial təzyiqin qalxması və ya enməsi, tərləmə kimi əlamətlər baş verir.
Başgicəllənmə tutmaları 1 dəqiqədən az çəkir və başın məkandakı mövqeyinin sürətlə dəyişməsi nəticəsində yaranır. Adətən pasiyent uzanmış vəziyyətdə olduqda və başı sağa, yaxud sola əyilən zaman müşahidə olunur.
Xəstələrin bir qismində güclü başgicəllənmə epizodlarından sonra, stresə reaksiya kimi həyəcan və depressiv pozuntular inkişaf edir. Bu da ikincili psixogen başgicəllənmənin yaranmasına səbəb ola bilir.
Bəzən belə xəstələr yanlış olaraq “beyin qan dövranının pozulması” olduğunu düşünərək, uzun müddət nəticəsiz olaraq müxtəlif dərman maddələrini qəbul edirlər.

- Doktor, xoşxassəli paroksizmal pozisyonal vertiqo necə müalicə olur?

- 2008-ci ildə bir çox ixtisaslı ekspert qrupu və Amerika Nevroloqlar Akademiyası XPPV-nin idarə edilməsinə dair sübuta əsaslanan təlimatlar dərc edilib. Onlar xəstəliyin müalicəsi üçün kanalitlərin repozisiya manevrlərini, eyni zamanda bu simptomların aradan qaldırılması üçün dərman maddələrini təyin etməməyi tövsiyə etdilər. Mütəxəssislər bu məqsədlə istifadə edilən dərmanların plasebodan daha yaxşı olmadığını və sedasiya, yıxılma və gecikmiş simptomların yaxşılaşdırılması da daxil olmaqla potensial riskləri bildirdilər.
Başqa sözlə, xoşxassəli paroksizmal pozisyonal vertiqo dərmansız, həkim tərəfindən aparılan manevrlərin köməkliyi ilə effektiv şəkildə müalicə olunur. Arxa yarımdairəvi kanal zədələnmələrində tətbiq edilən Epley manevri ən yaxşı sübut edilmiş texnikadır. Bir sıra idarə olunan və ya öz-özünə idarə olunan hərəkətlər vasitəsilə yerindən çıxmış kanalitlər posterior yarımdairəvi kanaldan geri utrikula doğru hərəkət edir. Müvəffəqiyyət nisbəti bir müalicədən sonra təxminən 80% təşkil edir və dörd dəfəyə qədər təkrarlanandan sonra 92%-ə yüksəlir.

- Menyer xəstəliyi hansı əlamətlər özün büruzə verir?

- Vestibulyar başgicəllənmələrin ən çox rast gəlinən 2-ci səbəbi Menyer xəstəliyi hesab edilir. Xəstəlik əsasən 4 əlamət əsasında müəyyən olunur: başgicəllənmə, tinnitus (qulaqda küy), eşitmə itkisi və qulaqların tıxanması hissi.
Menyer xəstəliyi zamanı baş gicəllənmə tutmaları adətən bir neçə dəqiqədən bir neçə saata qədər davam edir.

- Vestibulyar gimnastika nədir?

- Vestibulyar gimnastika vestibulyar sistemin mərkəzi və ya periferik şöbələrində zədələnmənin adaptasiyasına yönəlmiş kompleks məşqlərdir.
Vestibulyar gimnasikanın məqsədi tarazlıq məşqləri, subyektiv başgicələnnmə və yıxılma hissinin azaldılması, hərəkətlərin koordinasiyasının bərpası, həyəcanın aradan qaldırılmasıdır.

- Vestibulyar gimnastika nə qədər effektivdir və nə zaman aparılmalıdır?

- Vestibulyar gimnastika çox effektivdir və kəskin başgicəllənmə tutmasından dərhal sonra başlamalıdır. Erkən başlanılan gimnastika bərpanın təminatçısıdır.

Seçilən
7
5
sabahinfo.az

6Mənbələr