Bakı, 5 sentyabr, AZƏRTAC
Başgicəllənmə, yəni vertiqo hərəkət olmadığı halda yerin cazibə qüvvəsinə nisbətən hərəkət hissidir. Başgicəllənmələr fizioloji və patoloji olmaqla, 2 yerə ayrılır. Fizioloji başgicəllənmələr müəyyən şəraitdə beyinə daxil olan sensor informasiyanın uyğunsuzluğu sayəsində yaranır. Məsələn, hündürlükdə dayandıqda, hərəkət edən cisimləri izlədikdə, çəkisizlik vəziyyətində, uzunmüddətli fırlandıqda və s. Patoloji başgicəllənmələr isə vestibulyar və onun mərkəzi sinir sisteminin müxtəlif şöbələri ilə olan əlaqələrinin zədələnməsi zamanı müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Pərviz Axundov bildirib.
O deyib ki, patoloji başgicəllənmələrin 4 əsas tipi var. Ən çox rast gəlinən sistemli başgicəllənmələr zamanı pasiyent fırlanma və ya hərəkət olmadığı halda hərəkət hissi keçirir. Digər tiplərə lipotimiya (daha çox insulin istifadə edən şəkərli diabet xəstələrində, bəzi dərmanların qəbulu ilə bağlı olaraq baş verir), yerişin və tarazlığın pozulması, psixogen başgicəllənmələr daxildir.
Nevroloq başgicəllənmələrin ən çox rast gəlinən formaları barədə məlumat verib: “Ümumiyyətlə, başgicəllənmələr tibbi yardım üçün əsas müraciət səbəblərindən biridir. Vestibulyar vertiqolu xəstələrin arasında xoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) daha çox rast gəlinir. Belə ki, həyat boyunca xoşxassəli paroksismal pozisyonal vertiqonun yaranma ehtimalı 10 faizdir. Vestibulyar vertiqonun digər ən çox rast gəlinən səbəbləri menyer xəstəliyi və vestibulyar neyronitdir. Patologiya, adətən, arxa yarımdairəvi, horizontal və ya (nadir hallarda) yuxarı yarımdairəvi kanalda müşahidə olunur. Kanalolitiaz (yarımdairəvi kanallarda sərbəst üzən kalsium karbonat hissəcikləri) və ya kupulolitiaz (yarımdairəvi kanala bitişik kalsium karbonat hissəcikləri) nəticəsində pasiyentlərdə güclü başgicəllənmə, ürəkbulanma, bəzən qusma, arterial təzyiqin qalxması və ya enməsi, tərləmə kimi əlamətlər müşahidə edilir. Başgicəllənmə tutmaları bir dəqiqədən az çəkir və başın məkandakı mövqeyinin sürətlə dəyişməsi nəticəsində yaranır. Adətən, pasiyent uzanmış vəziyyətdə olduqda və başı sağa, yaxud sola əyilən zaman müşahidə olunur. Xəstələrin bir qismində güclü başgicəllənmə epizodlarından sonra, stresə reaksiya kimi həyəcan və depressiv pozuntular inkişaf edir. Bu da ikincili psixogen başgicəllənmənin yaranmasına səbəb ola bilir. Bəzən belə xəstələr yanlış olaraq “beyin qan dövranının pozulması” olduğunu düşünərək, uzun müddət nəticəsiz olaraq müxtəlif dərman maddələrini qəbul edirlər”,-deyə P.Axundov bildirib.
O vurğulayıb ki, 2008-ci ildə bir çox ixtisaslı ekspert qrupu və Amerika Nevroloqlar Akademiyasının XPPV-nin idarəedilməsinə dair sübuta əsaslanan təlimatlar dərc olunub. Onlar xəstəliyin müalicəsi üçün kanalitlərin repozisiya manevrlərini, eyni zamanda, bu simptomların aradan qaldırılması üçün dərman maddələrinin təyin olunmamasını tövsiyə ediblər. Mütəxəssislər bu məqsədlə istifadə edilən dərmanların plasebodan daha yaxşı olmadığını və sedasiya, yıxılma və gecikmiş simptomların yaxşılaşdırılması da daxil olmaqla, potensial riskləri bildiriblər:“Başqa sözlə, xoşxassəli paroksizmal pozisyonal vertiqo dərmansız, həkim tərəfindən aparılan manevrlərin köməyi ilə effektiv şəkildə müalicə olunur. Arxa yarımdairəvi kanal zədələnmələrində tətbiq edilən Epley manevri ən yaxşı sübut edilən texnikadır. Bir sıra idarəolunan və ya öz-özünə idarəedilən hərəkətlər vasitəsilə yerindən çıxmış kanalitlər posterior yarımdairəvi kanaldan geri utrikula doğru hərəkət edir. Müvəffəqiyyət nisbəti bir müalicədən sonra təxminən 80 faiz təşkil edir və dörd dəfəyə qədər təkrarlanandan sonra 92 faizə yüksəlir”.
Vestibulyar başgicəllənmələrin ən çox rast gəlinən ikinci səbəbinin menyer xəstəliyi olduğuna diqqət çəkən P.Axundova
deyib: “Xəstəlik əsasən başgicəllənmə, tinnitus (qulaqda küy), eşitmə itkisi və qulaqların tıxanması hissi olmaqla 4 əlamət əsasında müəyyən olunur. Menyer xəstəliyi zamanı baş gicəllənmə tutmaları adətən bir neçə dəqiqədən bir neçə saata qədər davam edir”.
Həkim-nevroloqun sözlərinə görə, vestibulyar gimnastika vestibulyar sistemin mərkəzi və ya periferik şöbələrində zədələnmənin adaptasiyasına yönəlmiş kompleks məşqlərdir. Bu gimnasika növünün məqsədi tarazlıq məşqləri, subyektiv başgicələnnmə və yıxılma hissinin azaldılması, hərəkətlərin koordinasiyasının bərpası, həyəcanın aradan qaldırılmasıdır. Vestibulyar gimnastika çox effektivdir və kəskin başgicəllənmə tutmasından dərhal sonra başlanılmalıdır. Erkən başlanılan gimnastika bərpanın təminatçısıdır.