AZ

Abdalla Sima “Lans”a, Xulio Enkiso “Strasburq”a keçdi

İngiltərənin “Brayton” klubunun seneqallı cinah hücumçusu Abdalla Sima bundan sonra “Lans”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Liqa 1 təmsilçisi bu transferi 4,5 milyon avroya rəsmiləşdirib. 24 yaşlı futbolçu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Abdalla Sima peşəkar karyerasına Çexiyanın “Slaviya” (Praqa) klubunda başlayıb. O, 2021-ci ildə 8 milyon avro müqabilində “Brayton”a keçsə də, Premyer Liqa təmsilçisinin heyətində möhkəmlənə bilməyib. Seneqallı hücumçu İngiltərə klubunun əsas komandasında debüt imkanı belə qazanmayıb. Bu üzdən də o, “Stok Siti”, “Anje”, “Reyncers” və “Brest” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

Abdalla Sima 2021-ci ildə debüt etdiyi Seneqal milli komandasının heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Lans” İngiltərənin digər klubu “Kristal Pelas”ın hücumçusu Odsonn Eduardı da heyətinə qatıb. Liqa 1 təmsilçisi 27 yaşlı fransalı futbolçunun transferi üçün 3,7 milyon avrosundan keçib. Odsonla 3 illik müqavilə imzalanıb.

Odsonn Eduard PSJ-nin yetirməsidir. O, “Kristal Pelas”ın heyətində bütövlükdə 105 oyuna çıxıb, 21 qol vurub, 5 məhsuldar ötürmə verib.

Abdalla Simanı “Lans”a satmış “Brayton”da daha bir ayrılıq reallaşıb. Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Xulio Enkiso Fransanın “Strasburq” klubuna keçib. Liqa 1 təmsilçisi bu transfer üçün “Brayton”a 18,5 milyon avro ödəyib. Paraqvaydan olan 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Libertad”ın yetirməsi olan Xulio Enkiso “Brayton”a 2022-ci ilin yayında 11,6 milyon avro müqabilində keçmişdi. O, İngiltərə klubunun əsas komandasında 57 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Enkiso ötən mövsümü “İpsviç Taun”da icarədə keçirib. O, burada 13 oyuna 2 qol və 3 assistlə yadda qalıb.

Enkiso 2021-ci ildə debüt etdiyi Paraqvay milli komandasının heyətində 27 oyuna 4 qol vurub.

Seçilən
99
arena.az

1Mənbələr