AZ

Siyasi münasibətlərdə ŞƏRQ VEKTORU

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Çinə səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakı Bakının artan nüfuzunun və genişlənən beynəlxalq əlaqələrinin göstəricisidir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın belə bir tədbirə dəvət olunması xüsusi vurğu ilə qeyd olunur.

"Bu səfər Türk dünyasının Şərqdən-Qərbə uzanan strateji xəttinə konkret “bəndlər” əlavə etdi"

Siyasi ekspert Əkbər Qoşalı Azərbaycan Prezidentinin Çin səfərinin gündəmin əsas mövzusuna çevrildiyini deyib. O, bu səfər çərçivəsində keçirilən görüşləri Azərbaycanın “Şərq vektoru”nun bir protokolu kimi təqdim etməklə yanaşı, gerçək layihələr və institutlarla möhkəmləndirilməsi aktı kimi xarakterizə edib. Bu, Türk dünyasının Şərqdən-Qərbə uzanan geoiqtisadi oxunun - Orta Dəhlizin - yükdaşıma, enerji, rəqəmsal və maliyyə sütunlarını eyni anda gücləndirməkdədir.

Ekspert bu prosesdə “siyasi xəmsə”adlandırdığı beş mühüm strateji məqama diqqət çəkib:

“Birincisi, Çin səfəri siyasi çərçivənin yüksəlişini ifadə edir. Bəllidir ki, aprel ayında Bakı-Pekin münasibətləri “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırıldı və 20 sənəd imzalandı.  Bununla da “Şərq vektoru” institusionallaşdırmış oldu. İkincisi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) platformasına giriş qapısı açıldı. Tianjində Si Cinpin Azərbaycanın ŞƏT-ə qoşulmasını dəstəklədiyini açıq deməsi təhlükəsizlik-logistik-maliyyə üçbucağında yeni koordinasiya imkanları yaradır. 

Üçüncüsü, Orta Dəhliz prioritetidir. Çin rəsmən Trans-Xəzər marşrutunun genişləndirilməsini əsas xətt kimi vurğuladı. Bu, türk dövlətlərini birləşdirən magistralı - Qazaxıstan–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutunu Çin yükləri ilə daha dayanıqlı, rentabelli edir.

Dördüncüsü, layihə portfeli genişlənir. Tianjində Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə işbirliyi üzrə Birgə Bəyanat mübadiləsi edilib. Çin Elektrik Tikinti Korporasiyası (PowerChina) ilə “yaşıl enerji, su təsərrüfatı, tullantı suları, smart enerji sistemləri, “H₂ layihələri” və s. müzakirə olunub. Çin Milli Kimya Mühəndisliyi Şirkəti (CNCEC) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında çərçivə sazişinin mübadiləsi həyata keçirilib. Bəli, bunlar “kağız üzərində yox, işlək layihə” məntiqidir.

Beşincisi, çeviklik və insan axını vurğusudur. Vizasız gediş-gəliş qüvvədədir və bu biznes, turizm, təhsil axınını sürətləndirir, Orta dəhliz boyunca “yumşaq bağlantı” yaradır”.

Ekspert daha sonra “siyasi xəmsə” üzərindən Çin səfərinin politik arxitekturasına diqqət çəkib:

"Çin ŞƏT mexanizmini yeni mərhələyə qaldırdığını elan etdi. Bakı üçün bu platforma “bölgəsəl təhlükəsizlik – tranzit – maliyyə” düyünlərini eyni məkanda çözmək imkanıdır. Prezident İlham Əliyevlə sədr Si Cinpinlə 31 avqust, Tianjin görüşü zamanı tərəflərin “Bir kəmər, bir yol” təşəbbüsünü – Orta dəhliz sinxronizasiyasını, rəqəmsal iqtisadiyyat, bərpaolunan enerji və ticarət dövriyyəsinin artımını vurğulamaları mühüm əhəmiyyət kəsb edir. Çin ŞƏT ilə bağların genişlənməsinə dəstəyini, həmçinin bölgədə Azərbaycan–Ermənistan dialoqunun davamını önə çəkdi. Bu məqamda, bölgəsəl dəngə Tianjində Prezident Ərdoğanla ikitərəfli görüş Türkiyə–Azərbaycan enerji və daşımaçılıq sinxronunun dövlət başçıları səviyyəsində koordinasiyasını bir daha ortaya qoydu. Paşinyanla görüş isə heç şübhəsiz, ikitərəfli sülh gündəminin davamına xidmət edir. Bax, bu ikisi birlikdə Bakı üçün həm sabitlik, həm də keçidlərin açıq qalması deməkdir”.

Ə.Qoşalı bildirib ki, Orta Dəhliz danılmaz strateji alternativdir. Qeyd edib ki, Rusiya marşrutunun sanksiyalar və risklərlə yükləndiyi ortamda, Çin üçün Xəzər–Qafqaz–Anadolu xətti daha çox önəm daşıyır:

"Bakı–Pekin sinxronu bu dəhlizi yük axını və sığorta güvənliliyi baxımından cəlbedici edir.  Eləcə də maliyyə infrastrukturu müstəvisində müəyyən fərqliliklər ortaya çıxa bilər. Məsələn, AIIB-lə deklarasiya Bakı limanı, Ələt Azad İqtisadi Bölgəsi, su təsərrüfatı, “yaşıl enerji” kimi sahələrdə ucuz kapital və texnologiya zərfinə qapı açır.  PowerChina və CNCEC kimi layihələndirmə, təchizat və tikinti nəhəngləri konkret podrat yükü götürür.  İnsan axını və logistik enerjisi baxımından vizasız rejim biznes səfərlərini sürətləndirir, Çin yüklərinin Orta dəhlizə operativ bağlanmasına səbəb olur. Bu da dəhlizin “kağızda yox, gerçəklikdə” sürətlənməsidir”.

O, bu prosesdə müəyyən risklərin  olduğunu və hansı halda ehtiyatlı davranmaların vacib olduğu məqamlara da toxunub. Onun sözlərinə görə, Çin kapitalının sürətli girişi layihə tempi üçün yaxşıdır, amma borclanma şərtləri, yerli məzmun, texnologiya transferi və data suverenliyi bəndləri üzərində sərt nəzarət şərt ola bilər:

"Bu şərt, özəlliklə rəqəmsal və süni intellekt sazişləri fonunda əhəmiyyət daşıyır. Bakı–Pekin xətti güclənərkən, Avropa enerji bazarı və Transxəzər–Qara dəniz elektrik, şəbəkə planları ilə tarazlıq saxlanmalıdır. Çünki çoxqütblü düzəndə ən böyük aktiv – şaxələndirmədir. Beləliklə, bu səfər Türk dünyasının Şərqdən-Qərbə uzanan strateji xəttinə konkret “bəndlər” əlavə etdi. Bu, ŞƏT, “Bir kəmər, bir yol” Təşəbbüsü platformlarında siyasi dayaq, Orta dəhlizdə logistik sürət, maliyyə-infrastruktur zərfi, vizasız rejimlə insan axınının bir daha təsbiti və sairlə bağlıdır. Beləliklə, Bakı üçün əsas diqqət mövzusu -təchizat zənciri, kapital və texnologiya üçlüyünü Orta dəhlizdə gerçək yükə çevirmək, bunu Qərb bazarlarına çıxışla ikivektorlu saxlamaqdır”.

"Ölkəmizin Şərq dövlətləri ilə əməkdaşlığı milli maraqlarımıza cavab verir"

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı özündə dünyanın kifayət qədər  iqtisadi və siyasi gücə malik ölkələrini birləşdirir. O getdikcə həlledici iqtisadi gücə çevrilməkdədir. Eyni zamanda qabaqcıl texnologiyaların tətbiqi və istehsalı onu daha da sanballı bir mərkəzə çevirməkdədir.

Partiya sədri hesab edir ki, Azərbaycanın belə bir qurumun zirvə görüşündə iştiraka dəvət edilməsi təqdirəlayiqdir:

“Ölkəmizin Şərq dövlətləri ilə əməkdaşlığı milli maraqlarımıza cavab verir. Çünki inkişafın mərkəzi Qərbdən-Şərqə dəyişməkdədir. Azərbaycan Prezidentinin Çinə səfəri və keçirdiyi görüşlər, verilən reaksiyalar kifayət qədər yaxşıdır. Azərbaycan Respublikası, artıq böyük bir layihədə öz yerini alıb. Baxmayaraq ki, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına rəsmi üzv olmasına veto qoyuldu, amma bu heç nəyi dəyişmir. Bu qurumda Azərbaycana ciddi ehtiyac var. Yerləşdiyimiz məkan və geosiyasi amillər ölkəmizin əhəmiyyətini və lazımlılığını artırır. Prezident İlham Əliyev də Çinə səfərində bunun əhəmiyyətinin başa düşüldüyünü ortaya qoydu və Azərbaycanın vacib və etibarlı tərəfdaş olduğunu göstərdi. Qurulan yeni əlaqələr ticarət dövriyyəsinin artmasına və ölkəmizin iqtisadiyyatının inkişafına təsir edəcək”.

Seçilən
98
hafta.az

1Mənbələr