AZ

ICPC Fondu: Azərbaycan universitetlərində enerji və potensial var

ICPC Dünya Finalı 2025 ilə bağlı keçirilmiş mətbuat konfransında ICPC Fondunun prezidenti Bill Pouçer Azərbaycanın ali təhsil müəssisələrində müşahidə etdiyi dinamikanı yüksək qiymətləndirib. Bu barədə Pouçer anews.az-ın sualına cavab verərkən deyib.

"Qiymətləndirmələr aparmışıq və burada enerji və inkişaf potensialı açıq şəkildə görünür. Universitetlərdə yalnız akademik deyil, həm də enerji və fürsət yönümlü mühit mövcuddur. Buraya yeni həyat gətirmək bizim işimizdir və tələbələrdə gördüyüm enerji bizi nikbin edir", –  Pouçer bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycanda universitetlərin digər sahələrdə olduğu kimi texnologiya və proqramlaşdırma sahəsində də inkişaf etdiyi müşahidə olunur.

Tədbirdə çıxış edən millət vəkili və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, ölkədə İT sahəsində maddi-texniki baza gücləndikcə, beynəlxalq yarışlarda iştirak edən komandaların da nəticələri yaxşılaşır.

“Bu il iki Azərbaycan komandası ICPC Dünya Finalında iştirak hüququ qazanıb. Bu artıq müsbət dinamikanın göstəricisidir. Ümid edirik ki, gələcək illərdə Azərbaycan komandalarının sayı artacaq,” –  o əlavə edib.

Gülnar Nazimqızı 
 

Seçilən
20
4
anews.az

5Mənbələr