AZ

Bril Embolo “Monako”nu “Renn”ə dəyişdi - 13 milyon avroya

“Monako”nun hücumçusu Bril Embolo bundan sonra karyerasını Fransa Liqa 1-in digər təmsilçisi “Renn” klubunda davam etdirəcək.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

“Renn” bu keçidi 13 milyon avroya rəsmiləşdirib. 28 yaşlı isveçrəli futbolçu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Bril Embolo “Monako”ya 2022-ci ilin yayında Mönhenqladbax “Borussiya”sından 12,5 milyon avro müqabilində keçmişdi. O, “knyazlıq klubu”nun heyətində 89 oyuna çıxıb, 22 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Embolo daha öncə Almaniyada “Şalke”nin, İsveçrədə isə “Bazel”in formasını geyinib. Kamerunda doğulsa da, İsveçrə yığmasında oynamağa üstünlük vermiş futbolçu 2015-ci ildə debüt etdiyi bu komandanın heyətində 77 oyuna 18 qol vurub, 17 assist edib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

“Renn” Fransanın digər klubu “Anje”nin hücumçusu Esteban Lepolu da heyətinə qatıb. Liqa 1 təmsilçisi bu keçidə görə də 13,5 milyon avro xərcə düşüb. 25 yaşlı fransalı futbolçu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Esteban Lepol Lion “Olimpik”inin yetirməsidir. Fransalı futbolçu “Anje”yə 2024-cü ilin yanvarında 150 min avro qarşılığında keçmişdi. O, sözügedən komandanın heyətində meydana çıxdığı 50 oyunda 17 qol vurub, 3 qol ötürməsi verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Embolonu “Renn”ə satmış “Monako” yarımmüdafiəçisi Sunqutu Maqassanı da İngiltərənin “Vest Hem” klubuna satıb. Premyer Liqa təmsilçisi bu keçidə görə fransızlara 17 milyon avro ödəyib. 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə 6 illik (2031-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Sunqutu Maqassa “Monako”nun öz yetirməsidir. O, ilk dəfə fərqli bir klubun formasını geyinəcək. “Knyazlıq klubu”nun heyətində 57 oyun keçirmiş futbolçu 1 qol və 1 assistlə yadda qalıb.

Əslən Malidən olsa da, 2024-cü ildən Fransa yığmasında oynamağa başlamış gənc yarımmüdafiəçi, “xoruzlar”ın heyətində 5 oyun keçirib.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
51
arena.az

1Mənbələr