AZ

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə sentyabrın 14-də Şuşa şəhərində keçiriləcək.

ASA-dan hafta.az-a verilən məlumata görə, Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının, o cümlədən, Türk Dövlətləri Təşkilatının rəhbərliyinin iştirakı nəzərdə tutulub.

Tədbir rəsmi açılış hissəsi, türk dövlətlərinin maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının 2 ayrı müzakirə panelindən ibarət olacaq. Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair “Proklamasiya sənədi” imzalanacaq.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci il mayın 24-də Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının iştirakı ilə İstanbul şəhərində təsis edilib. Birliyə daha sonra Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları müşahidəçi təşkilat olaraq qoşulublar.

Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Birliyin “Yol xəritəsi”nə əsasən, əlifba ardıcıllığa görə Azərbaycanda təşkil olunur.

Seçilən
27
16
hafta.az

10Mənbələr