Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının birgə təşkilatçılığı ilə Xankəndi şəhərində işəgötürənlərlə görüş keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, tədbirdə Xankəndi, Ağdərə və Xocalıda fəaliyyət göstərən sahibkarlar da iştirak ediblər. Görüşün əsas məqsədi regionda məşğulluq imkanlarının artırılması, əhalinin işlə təmin olunması və sahibkarlarla əməkdaşlığın gücləndirilməsi olub.
Çıxış edənlər Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, məşğulluq sahəsində həyata keçirilən proqramlar və vətəndaşların işlə təminatına dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.
Müzakirələr zamanı “Böyük Qayıdış” Proqramı çərçivəsində daimi məskunlaşması təmin edilən keçmiş məcburi köçkünlərin məşğulluq məsələləri geniş şəkildə nəzərdən keçirilib.
Vurğulanıb ki, sakinlərin sosial rifahının yaxşılaşdırılması və onların iqtisadi fəallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Sahibkarlarla aparılan müzakirələrdə yeni iş yerlərinin yaradılması, peşə hazırlığı və kadr potensialının inkişafı ilə bağlı təkliflər diqqətə çatdırılıb
Qeyd olunub ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında sahibkarlıq üçün geniş imkanlar mövcuddur və iş adamlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir.
Görüşdə əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra məsələlər də razılaşdırılıb.