ain.az, Oxu.az portalına istinadən məlumat verir.
Tuvalu ölkəsi Yer kürəsində ən az ziyarət edilən yerdir və tədqiqatçıların proqnozlarına görə, bütöv bir ölkə növbəti dörddəbir əsr ərzində tamamilə yox ola bilər.
Oxu.Az bildirir ki, bu barədə "IFLScience" nəşrinin dərc etdiyi materialda bəhs edilib.
Alimlər həmçinin Tuvalunun tamamilə Yer üzündən silə biləcək səbəbləri də açıqlayıblar.
Məlumatlar göstərir ki, iqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxması səbəbindən demək olar, bütün Tuvalu ölkəsi 25 il ərzində su qabarması zamanı su altında qalacaq.
Nəşr yazır ki, bu proqnoz ada dövlətinin təxminən 11000 sakini üçün acınacaqlı reallıq yaradır, halbuki bu bölgə cənnət kimi turizm məkanı ola bilərdi.
Alimlərin fikrincə, Sakit okeanda ada dövlətləri olan Tuvalu, Vanuatu, Nauru, Kiribati və digər onlarla dövlət üçün iqlim dəyişikliyinin bariz nəticəsi su qabarmalarıdır. 2023-cü ildə NASA alimləri tərəfindən aparılan bir araşdırma göstərib ki, Tuvalu ətrafında dəniz səviyyəsi 1993-cü ildəkindən artıq 15 santimetr yüksəkdir. Məlumatlar göstərir ki, qabarmaların sayı təkcə artmaqla kifayətlənməyib, həm də sürətlənir.
İndi təxminən hər 3 Tuvalu sakinindən 2-si daşqınla üz-üzə qalır ki, bunu bir əsrdə yalnız bir dəfə gözləmək olar.
Alimlər həmçinin aşkar ediblər ki, iqlim dəyişikliyi Tuvaluda faktiki şəkildə həyatın bütün sahələrini məhv edir:
- okean yeraltı su ehtiyatlarını çirkləndirib, indi ölkə şirin su üçün yağışdan asılı vəziyyətə düşüb;
- quraqlıqlar daha tez-tez və güclü olur, yağışların yağması ehtimalı azalır;
- gözlənilməz yağıntılar, duzluluq məhsul yetişdirilməsini çətinləşdirir;
- yerli balıqlar ölür, bəzi balıqlar isə zəhərli növə çevrilir.
Dünyada ən az gedilən ölkəsi kimi tanınan Tuvalunun pik turizm mövsümü isə 2019-cu ildə baş verib, o zaman ölkəni 3600 insan ziyarət edib. Lakin düşünməyin ki, dəniz ölkəni udduqdan sonra turizmə son veriləcək.
2022-ci ildə Tuvalu parlamentinin deputatı və "Gələcək indi" layihəsinin xüsusi elçisi Saymon Kofe bildirib ki, torpaq yox olacağı üçün yerli əhalinin dünyanın ilk rəqəmsal milləti olmaqdan başqa seçimi yoxdur.
Bunun üçün ölkə öz sərhədləri daxilində olan bütün 124 adanın ətraflı 3D skanını tamamlayıb ki, onları rəqəmsal şəkildə yenidən yarada bilsin. Konstitusiya, iqlim dəyişikliyinin təsirlərindən asılı olmayaraq, Tuvalunun sərhədlərini və dövlətçiliyini daimi elan etmək üçün yenilənib. Hətta mahnılar, hekayələr və rəqslər belə rəqəmsal şəkildə qorunub saxlanılıb və "Tuvalunun özünün ruhunu özündə daşımaq üçün nəzərdə tutulmuş" arxiv yaradılıb.
Bununla belə, bəzi ekspertlər hesab edirlər ki, "rəqəmsal millət" kimi yenidən meydana gəlmək ilk baxışdan göründüyü qədər asan olmaya bilər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.