AZ

Aqrar Sığorta Fondu bu il 41 rayonda fermerlərə sığorta ödənişi edib  

Cari ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən təsərrüfatlara dəymiş zərərlər üzrə 41 rayonda fermerlərə aqrar sığorta ödənişləri edilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş edilən rayonların sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 37 rayonda aqrar sığorta ödənişləri həyata keçirilib.

Yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən – Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Xocalı, Beyləqan, Şəki, Samux, Sabirabad, Qax, Balakən, Yevlax, İsmayıllı, Kürdəmir, Zaqatala, İmişli, Qobustan, Goranboy, Bərdə, Xocavənd, Göyçay, Ağdam, Şamaxı, Xaçmaz, Qəbələ, Şəmkir, Yardımlı, Astara, Qusar, Neftçala, Oğuz, Zərdab, Masallı, Lerik, Ağdaş, Xızı, Cəbrayıl, Cəlilabad və Siyəzən rayonlarına ödənişlər edilib.

Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 41 rayonda ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55 faiz artıqdır. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib. Ən çox zərər ödənişi həyata keçirilən rayonlar Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəkidir.

Hesabat dövründə ən çox ödənişlər taxıl, qarğıdalı, pambıq sahələri ilə yanaşı, günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinləri üzrə olub. Fermelərə ən çox zərər vuran hadisələr isə dolu, sel-subasma, fırtına və leysan olub.

Qeyd olunub ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir. Fond 41 növ bitkini sığorta edir ki, bu da ölkənin əkin sahələrinin 96 faizini təşkil edir. Heyvandarlıq sahəsində isə iri və xırda-buynuzlu heyvanlar sığorta olunur.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığorta edə bilirlər.

Seçilən
11
9
azerbaijan-news.az

10Mənbələr