AZ

Aqrar Sığorta Fondu 41 rayonda fermerlərə 4,4 milyon manat ödəniş edib

Cari ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən 41 rayonda fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib.

Doğru.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz artım deməkdir; 2024-cü ilin yanvar-iyun aylarında ödənişlər 37 rayonda həyata keçirilmişdi.

Ödənişlərdən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib. Ən çox zərər ödənişi Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki rayonlarında həyata keçirilib.

Hesabat dövründə ödənişlər əsasən taxıl, qarğıdalı, pambıq sahələri, eləcə də günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinləri üzrə olub. Fermerlərə ən çox zərər vuran hadisələr isə dolu, sel-subasma, fırtına və leysan olub.

Qeyd olunub ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və akvakultura (balıqçılıq) təsərrüfatlarını sığorta edir. Fond 41 növ bitkini əhatə edir ki, bu da ölkənin əkin sahələrinin 96 faizini təşkil edir. Heyvandarlıq sahəsində isə iri və xırda-buynuzlu heyvanlar sığorta olunur.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə onlar cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilirlər.

DOĞRU.AZ

Seçilən
1
9
dogru.az

10Mənbələr