AZ

Akademik Zemfira Səfərovadan yeni kitab

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bu günlərdə akademik Zemfira Səfərovanın dahi bəstəkar Üzeyir Hacıbəyli irsinə aid növbəti monoqrafiyası işıq üzü görüb. Böyük sənətkarın 140 illik yubileyinə həsr olunan əsər rusca çapdan çıxıb. Hələ sovet dövründə Moskvada dərc olunan bu kitab dahi bəstəkarın irsinin araşdırılması və dünyada tanıdılması yolunda böyük elmi-mədəni məxəz hesab olunub. "Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri" (Moskva, "Sovetskiy kompozitor" nəşriyyatı, 1973.) adı ilə çap olunan kitabda Azərbaycan musiqişünaslığında Hacıbəylinin estetik nəzəriyyəsi ayrıca monoqrafiya kimi ilk dəfə bütöv halda təqdim edilmişdi. Kitaba böyük bəstəkar Qara Qarayevin ön söz yazması isə sovet elmi-mədəni mühitində böyük maraqla qarşılanmışdı! Q.Qarayev Üzeyir Hacıbəyli irsinin belə sanballı araşdırmalarla təqdim olunmasının mühümlüyünü qeyd edərək yazırdı:

 "Zemfira Səfərovanın xüsusi xidməti ondadır ki, o, bəstəkarın musiqi əsərlərinin təhlili ilə məhdudlaşmır, həm də onun elmi əsərlərinin və məruzələrinin, ədəbi əsərlərinin, məqalələrinin, felyetonlarının, müxtəlif müzakirələrdə çıxışlarının təhlilinə geniş yer ayırır. Onu da əlavə edək ki, müəllif müəyyən bir dövrün tarixi-ictimai şəraitini hərtərəfli tədqiq edir, Ü.Hacıbəylini Azərbaycan xalqının görkəmli mütərəqqi maarif xadimləri sırasında təqdim edir. Problemə bu cür çoxşaxəli yanaşma kitabın əsas müddəalarını dəqiq və inandırıcı edir".

Kitabın yenidən işlənmiş təzə nəşrində akademik Z.Səfərova ömrünü həsr etdiyi və ardıcıl elmi araşdırmaları ilə daim təbliğ etdiyi Üzeyir bəy Hacıbəylini Azərbaycan musiqisinin patriarxı adlandırır.

Qeyd edək ki, elmə gəldiyi gündən bu günə kimi təkcə Azərbaycanda dərc olunan kitabları ilə deyil, həm də dünyanın müxtəlif elmi konfrans və simpoziumlarında çıxışları, məruzələri ilə Üzeyir bəy irsini təhlil, təbliğ edən akademik Z.Səfərovanın haqqında söz açdığımız kitabı yeni nəsil elm və sənət cameəsinin böyük bəstəkarı, onun musiqi dünyamız üçün gördüyü misilsiz işləri anlamaq, öyrənmək yolunda mühüm elmi mənbədir!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
3
525.az

4Mənbələr