AZ

"Neftçi"nin kapitanı: "FIBA Avropa Kubokunda hədəf qrupdan çıxmaqdır"

"Neftçi" basketbol klubunun FIBA Avropa Kubokunda hədəfi qrupdan çıxmaqdır.

Bunu "Report"a açıqlamasında "ağ-qaralar"ın kapitanı Amil Həmzəyev deyib.

Azərbaycan millisinin üzvü komandasının builki hədəflərindən söz açıb:

"Heyətdə xeyli dəyişikliklər olub. Əcnəbi oyunçular da artıq yavaş-yavaş düşərgəyə qatılırlar. Bizi Azərbaycan çempionatında da çətin sınaq gözləyir. Daha sonra beynəlxalq matçlarda çıxış edəcəyik. Avrokuboklarda ilk olaraq Polşanın “Trefl” kollektivi ilə üz-üzə gələcəyik. Hədəf FIBA Avropa Kubokunda qrupdan çıxmaqdır".

A.Həmzəyev ötən gün komandası ilə müqavilə müddətini uzatmasına da toxunub:

"Neftçi" ilə yola davam etmək çox xoşdur. Ötənillki müqavilənin şərtləri arasında komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə, sözləşmə müddətini 1 il artırmaq bəndi yer almışdı. Hədəflərimiz böyükdür. "Neftçi"ni həm Avropa Kubokunda, həm də ölkə çempionatında layiqincə təmsil etmək istəyirik".

Qeyd edək ki, Amil Həmzəyevlə sözləşmə müddətini uzadan "Neftçi" Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayevi sıralarına cəlb edib.

Seçilən
20
3
report.az

4Mənbələr