AZ

Qarabağ və Şərqi Zəngəzurun strateji yol qapısı: Murovdağ tuneli istismara verilib

Kəlbəcər, 22 avqust, Elcan Məmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ən mühüm infrastruktur layihələrindən biri kimi dəyərləndirilən Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi davam etdirilir. Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunda həyata keçirilən infrastruktur işləri ilə tanış olublar. Dövlət başçısı yolun 13,5-ci kilometrində inşa edilən, uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Əyyub Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, layihənin ümumi uzunluğu 82 kilometrdir: onun 56 kilometri Toğanalı–Kəlbəcər, 26 kilometri isə Kəlbəcər–İstisu istiqamətini əhatə edir. Yolun 13,5-ci kilometrindən başlayaraq Murovdağ silsiləsi uzanır. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Məhz sərt iqlim və mürəkkəb relyef səbəbindən qış aylarında təhlükəsizliyi təmin etmək üçün Murovdağın altından tunel tikilməsi qərara alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hələ 2021-ci ilin avqustunda bu yolun təməlqoyma mərasimində iştirak etmişdilər.

Uzunluğuna görə dünyanın ən böyük avtomobil tunellərindən biri sayılan Murovdağ tuneli dünyada 18-ci, Avropada 5-ci, MDB məkanında isə birincidir. Dörd hərəkət zolaqlı olacaq tuneldə qazma işləri tam yekunlaşıb, sağ və sol istiqamətləri birləşdirən 38 keçid tuneli də artıq hazırdır.

Bundan başqa, layihə çərçivəsində ümumi uzunluğu 2636 metr olan daha dörd tunelin tikintisi də aparılır və bu işlərin əsas mərhələsi – qazma, kəmər-beton və digər mühüm texniki işlər – artıq başa çatdırılıb. Ümumilikdə isə Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsinin 87 faizi icra olunub.

Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq Kəlbəcərdən keçib məşhur İstisu istirahət zonasına qədər uzanan bu yol, bölgənin mərkəzi və yaşayış məntəqələri ilə yanaşı, kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm dəstək verəcək.

Belə mürəkkəb coğrafi şəraitdə strateji əhəmiyyətli layihənin icrası bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin bərpası və müasir nəqliyyat infrastrukturunun yaradılması dövlət siyasətinin prioritet istiqamətidir.

Seçilən
39
24
azertag.az

10Mənbələr