AZ

Qurban Qurbanovu yaxşı tanımayan Robbi Kin nə özü rahatlaşar, nə də futbolçularını rahatlaşmağa qoyar

Yazıya haradan başlamalı olduğunu belə bilmir adam. İkili hisslərdi. Haradasa azarkeşliklə yazarlığın ortasında olan duyğulardı bunlar. Axı, hər bir yazar məsələ ölkə anlamı daşıyanda, həm də azarkeşdi. 

"Qarabağ" "Ferentsvaroş"un qapısından 3-cü qolu keçirəndə, elə bil binamız silkələndi yerindən. Bu qədərini heç mən də gözləmirdim açığı. Çoxdandır belə sevinmirdim. 

Oyunda baş verənlərə gəlincə, sanki futbol meydanında iki fərqli dünya, iki fərqli tərz gücünü sınayırdı. Hərə bacardığı qədərində. "Qarabağ" İspan üslubunda, "Ferentsvaroş" da Britaniya manerasında rəqibini üstələməyə çalışırdı. Orası dəqiqdir ki, başlanğıc meydan sahibləri üçün karıxdırıcı oldu. Sol cinahda Zubirlə Elvindən ev yiyəsinə xas inamlı keçidləri gözləmirdilər deyəsən. İlk hissədə qol buraxmağına rəğmən belə, "Qarabağ" heç də pis görünmürdü. Kiçik ötürmələrlə rəqib müdafiəsini yarmaq rahat alınmasa da, "Ferenstvaroş"un müdafiəsini narahat eləməyi bacarırdılar. 

Fasilədən sonra yaşananlar isə kabusa bənzədi meydan sahibləri üçün. Döyüşkənlik nümayiş etdirən təmsilçimiz həqiqətən də futbol dərsi keçdi rəqibinə. Robbi Kini çözmək üçün bir hissə kifayət elədi Qurban Qurbanova. 

Hamı döyüşdü, hamı oynadı. Təbii ki, hərə öz imkanları çərçivəsində. Dəfələrlə deyilib, Yankoviçli "Qarabağ" tam başqa komandaya bənzəyir. Yeni gələn Bikalyo da onunla ayaqlaşmağa çalışır.

Buraxılan qolda rəqibin hücumunun qarşısını almamaqda qınayırlar Elvini. Amma Cəfərquliyev meydanda ən yaxşılardan idi. 

Oyunda ən maraqlı ştrix nəydi soruşsanız, mənə görə Kevin Medinanın oyunquruculuğunda. İrəlidə ötürmə üçün münasib variantlar tapmayınca, 3-4 dəfə driblinq hesabına topu irəli daşıyıb təhlükəli hücumlar qurdu. Bir ara ehtiyata göndərilən, Qurban müəllimdən "qulaqburması" alan müdafiəçi ən yaxşı günlərini xatırlatdı. Bəhlulla birlikdə rəqibin hündürboy hücumçularına əksər epizodlarda keçid vermədilər. 

Robbi Kinin açıqlamasından belə anlaşılır ki, Qurban Qurbanovu yaxşı tanımır. Elə bilir ki, bizimkilər eyforiyadadır, indidən ÇL-in əsas mərhələsini bayram edir "Qarabağ". Kim də bilməsə, biz yaxşı tanıyırıq Qurban bəyi. Hətta ən zəif rəqibə sayğı ilə yanaşan bu adamın nə özünün, nə komandasının rahatlaşması mümkün deyil!

Emin Abbasov

saytlarin hazirlanmasi

Seçilən
47
4
sportal.az

5Mənbələr