AZ

Qurban Qurbanov Azərbaycan futboluna "trilyonlar" qazandırır

“Qarabağ”ın Çempionlar Liqasında iki mərhələ adlayıb, pley-offdakı ilk görüşdə “Ferentsvaroş”u səfərdə məğlub etməsi (3:1) ölkə futbolu adına ciddi uğurdur.

Hansısa fövqəladə hadisə baş verməsə, ağdamlılar gələn həftə Bakıda bir nömrəli klub turnirinin Liqa mərhələsinə vəsiqəni təmin edəcək.

Bununla da Azərbaycan və Qarabağ adının təbliği yolunda növbəti addım atılacaq, klubun büdcəsinə milyonlar axacaq.

Uğurun memarı isə şəkk-şübhəsiz Qurban Qurbanovdur. Azərbaycan oğlu, qanı qanımızdan, canı canımızdan olan vətənpərvər insan.

Bu adam millətçidir. Bu adam xalq fədaisidir. Bu adam Azərbaycan adını uca tutmaq üçün canından keçməyə hazır olan biridir.

Aylardır az qala bütün ölkə Nəriman Axundzadə ilə Musa Qurbanlını linç edir. Ki, azərbaycanlı hücumçularla uzağa getmək mümkün deyil, onların səviyyəsi böyük turnirlərlə uzlaşmır, əcnəbi forvard(lar) alınmalıdır və sair.

Qurban Qurbanov isə inadından dönmür. Hansısa legionerə bir ətək pul xərcləyib ondan lazımi faydanı görə bilməməyin təhlükəsini göz önünə alaraq azərbaycanlı gənclərə güvənir.

Onlar da sağ olsunlar, hocanın ümidlərini artıqlaması ilə doğruldurlar. İstər Toral Bayramov olsun, istər Elvin Cəfərquliyev, istər Bəhlul Mustafazadə, istər Musa Qurbanlı, istərsə də Nəriman Axundzadə - qazanılan uğurlarda hər birinin payı var.

Çempionlar Liqasının əsas mərhələsinin bir addımlığında olan komandanın əsas heyətində mütəmadi üç yerli futbolçunun yer alması bilirsiniz nə deməkdir? Bir anlıq təsəvvür edin.

Milli səviyyəsində futbolu bərbad gündə olan, digər klubları ən yaxşı halda 1-2 mərhələ adlayan, ən istedadlı futbolçusu II Bundesliqada top dalınca qaçan bir ölkənin klubu Avropa klublarına meydan oxuyur, ardıcıl 5 qələbə qazanır, yerli futbolçuları az qala hər matçda rəqib qapıçıları məyus edir.

Qurban Qurbanovun inadla yerli futbolçulara güvənərək, onları dünyaya göstərməsi, mənim üçün liqa mərhələssinə vəsiqə qazanmaqdan da dəyərlidir, UEFA-nın ayıracağı 15-20 milyon avrodan da.

Çünki bu qərarın, bu inamın, bu vətənpərvərliyin dəyəri yoxdur. Milyardlardır, trilyonlardır. Həcminə ad qoyulmayan kütlə vahididir.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
28
sportinfo.az

1Mənbələr