Hüseyn İbrahimov: “Əliyevin siyasi təcrübəsi, xarizması, liderlik qabiliyyəti hər baxımdan özünü göstərir”
Məlum olduğu kimi, Avropanın liderləri bu günlərdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqədar Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşüblər. Bundan əvvəl Prezident İlham Əliyev Trampla görüşüb. Prezident Əliyevin görüşünü Avropa liderlərinin Trampla görüşü ilə müqayisə etdikdə bir sıra fərqlər açıq şəkildə özünü göstərir.
Özünə inam nöqteyi-nəzərindən, ikincisi prinsipiallıq, üçüncüsü danışıq aparmaq mədəniyyəti, dördüncüsü konstruktivlik, beşincisi nəticəyə yönəlmək, qarşı tərəfi qıcıqlandırmamaq, amma istədiyinə nail olmaq baxımından Əliyev böyük liderlik göstərdi.
Bax bu kimi liderə xas keyfiyyətlər nöqteyi-nəzərindən İlham Əliyevlə Avropa liderləri arasında nə kimi müqayisələr aparmaq olar? Faktiki görsənir ki, Avropada siyasi lider böhranı var. Doğrudan da bu gün Avropa dövlətləri güclərinə, iqtisadi imkanlarına görə bir-birindən fərqlənsələr də, amma parlaq lider nöqteyi-nəzərindən Avropanın bugünkü bir liderini o birisindən fərqləndirmək mümkün deyil. Makronu Mertsdən, Mertsi Starmerdən, Starmeri Melonidən fərqləndirmək praktiki baxımdan mümkünsüzdür. Yəni Avropada lider çoxdur, amma parlaq lider şəxsiyyəti yoxdur. Ona görə də onların bir lider kimi Trampın qarşısında özlərini göstərməsi olduqca zəif görsənirdi. Ancaq Prezident Əliyev çox sərbəst, yeri gələndə ciddi danışır, yeri gələndə hətta zarafat edir. Arada səmimiyyəti bərpa edir, amma öz prinsiplərini də ifadə edir. Bax bu nöqteyi-nəzərdən onların arasında müqayisə aparmaq olar və fərq də özünü aydın şəkildə göstərir.
“Avropada xarizmatik, proseslərin gedişinə təsir edə biləcək lider yoxdur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, Avropa dərin lider böhranı yaşayır: “O boyda Avropada bir lider yoxdur ki, qitəni konsolidasiya edə bilsin. Rusiyaya qarşı effektiv müdafiə sistemi qursunlar. Əvvəlki liderlərlə müqayisədə, indiki Avropa liderləri çox mağmın görünürlər. Bir vaxtlar Uinston Çörçill, Konrad Adenauer, Villi Brant, Marqaret Tetçer, Fransua Mitteran kimi Avropada parlaq şəxsiyyət liderlər var idisə, bu gün belələri yoxdur. Halbuki, bir zamanlar Marqaret Tetçer-Ronald Reyqan tandemi soyuq müharibənin bitməsində, SSRİ-nin dağılmasında önəmli rol oynadılar. Bu gün isə Avropa liderləri ABŞ prezidenti Donald Trampı tərifləmək üçün acizanə formada sıraya düzülür. Böyük iqtisadi, maliyyə resursları olan, əhalisi 500 milyon nəfər olan Avropa İttifaqı Rusiyanın Ukraynada genişlənən təcavüzünü önləməkdə aciz qalıb. Açıq formada Trampa yalvarırlar ki, gəlin bizi bu vəziyyətdən çıxarın. Çünki Avropada xarizmatik, proseslərin gedişinə təsir edə biləcək lider yoxdur. Avropa liderlərinin heç biri Prezident İlham Əliyev qədər xarizmatik və siyasət nəhəngi deyil. Bu gün bu bir reallıqdır. Prezident Əliyevin incə siyasəti nəticəsində geosiyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişdi. Prezidentimiz böyük dövlətlərin neytrallığını təmin edərək 30 illik işğala son qoydu. Vətən müharibəsi dönəmində dünyanın 30-a yaxın aparıcı media quruluşuna müsahibə verən Prezident Əliyev çox incə detallarla Ermənistanın işğalçılıq siyasətini, böyük dövlətlərin buna göz yummasını ifşa etdi. İlham Əliyevin siyasi təcrübəsi, xarizması, liderlik qabiliyyəti hər baxımdan özünü göstərir. Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, separatizmin belini qıraraq ərazi bütövlüyünü təmin etdi. İlham Əliyev böyük siyasi ustalıqla Trampla görüşündə sülh gündəliyindən danışaraq Azərbaycanın maraqlarının da nəzərə alınmasının vacib olduğu reallığını ortaya qoydu”.
Vidadi ORDAHALLI