Yerli futbolçulara görə ödəniləcək məbləğ klublar üçün əlavə stimul olacaq.
İdman.biz xəbər verir ki, bunu Report-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis AFFA tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların heyətində yerli futbolçuların meydana çıxmasına görə maliyyə təşviqi mexanizminin tətbiq edilməsi məsələsinə münasibət bildirib.
Onun sözlərinə görə, yeni qərar Azərbaycan futbolu üçün faydalı olacaq: "Premyer Liqada legioner limiti ləğv olunursa, yerli oyunçuları da düşünməliyik. Ödəniləcək məbləğlə yerli futbolçuların meydana çıxmasına şərait yaradılacaq. Düşünürəm ki, mövcud vəziyyət klublar üçün stimul olacaq. Qəbul edilən qərar Azərbaycan futbolunun xeyirinə hesablanıb. Çünki orada bir bənd var ki, əsas komandaya yüksələnə qədər eyni klubun aşağı yaş qruplarında və ya əvəzedici komandasında ardıcıl minimum 3 mövsüm çıxış etmiş futbolçu üçün daha çox ödəniş ediləcək".
Sadıqov Premyer Liqada çıxış edən klubların əsas heyətdə yerli oyunçulara şans verməsini xatırladıb:
"Artıq cari mövsümdə ilk tur arxada qaldı. "Qarabağ" və "Sabah"ın oyunlarını izləyə bilmədik. Lakin digər klublara baxarkən xoş mənzərə ilə rastlaşdıq. Legioner limiti ləğv olunanda hər birimiz düşünürdük ki, klubar ancaq əcnəbi futbolçularla çıxış edəcək. Lakin ilk turda gördük ki, iddialı komandalar belə yerli futbolçuların xidmətindən yararlanırlar".
Qeyd edək ki, yeni qərara əsasən, bonus fondu çempionatda iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üçün ödəniləcək rüsumlardan formalaşacaq.
İdman.biz