AZ

Trampın fərqli yanaşması: Avropa zəif, Bakı isə bərabərhüquqlu tərəfdaş - ÖZƏL

Avropa ölkələrinin liderlərinin böhranı yaşadığını Rusiya-Ukrayna müharibəsi daha da qabarıq göstərdi. 18 avqustda Vaşinqtonda Donald Trampın qəbulunda çəkilmiş foto sosial şəbəkələrdə "Avropa gücünün çöküşü" kimi dəyərləndirildi. Kadrlarda Makron, Meloni, Ursula fon der Leyen, Fridrix Merts, Aleksandr Stubb və NATO Baş katibi Rutte sanki müəllim qarşısında sıraya düzülmüş şagirdlər kimi Trampı dinləyir. Halbuki 10 gün əvvəl, 8 avqustda Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə tam fərqli mənzərə yaranmışdı: iki lider yanaşı oturaraq əməkdaşlıq sənədlərinə imza atmış, bərabərhüquqlu dialoq nümayiş etdirmişdilər. 

İlham Əliyevin Tramp qarşısında bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi Azərbaycanın artan geosiyasi çəkisinin və müstəqil liderlik modelinin göstəricisidirmi?

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 

" Bu məsələyə fərqli bucaqdan yanaşmaq lazımdır. Avropanın bu gün düşdüyü durum həqiqətən də demək olar ki, bütün Avropa tarixində ən zəif, ən rəzil vəziyyətdir. Bunun təməl səbəbi də Avropada lider probleminin yaşanmasıdır.
Avropanın dominant millətləri - ingilislər, fransızlar, almanlar... hələ italyanları saymıram - tarix boyu kifayət qədər dünyaya təsir edən liderlər yetişdiriblər. İngilislərin də, fransızların da, almanların da bu potensialı olub. Yəni Avropada bu gün yaşanan problem əslində bu millətlərin zəifliyindən, dövlətlərin gücsüzlüyündən doğan bir məsələ deyil. Əksinə, Alman fəlsəfəsi bütün dünyanın həm fəlsəfi baxımdan, həm də siyasi-iqtisadi təfəkkürünün dəyişməsinə səbəb olmuş böyük bir mədəniyyətdir. Və yaxud Fransa inqilabından başlayaraq demokratiya prinsiplərinə keçid prosesləri başlandı. Eyni zamanda hüquqi dövlətlərin meydana gəlməsi və daha sonra milli dövlətlərin yaranması prosesi başladı. İngiltərə imperiyası - Böyük  Britaniya  bir zamanlar dünyanın böyük bir hissəsinə nəzarət edən qüdrətli bir imperiya idi və onu idarə edənlər kifayət qədər ağıllı insanlar idilər. Yəni, biz bu məsələyə yanaşanda Avropanın indiki düşdüyü çətin vəziyyəti anlamaq üçün sadəcə bu günkü fərdlərə baxmamalıyıq. Avropa dövlətləri II Dünya müharibəsindən sonra o qədər rahatlaşdılar ki, özlərini aldadaraq təhlükəsizliklərini bir növ ABŞ-nin ovucuna qoydular. Açar rolunu ABŞ-ə verdilər və özləri yönəldilər boş-boş LGBT hüquqları, heyvan haqları kimi mövzulara. Dünya siyasəti baxımından ciddi sayılacaq məsələlər bir kənarda qaldı. Hərbi-siyasi məsələlər qaldı kənarda. Bu dövlətlər tamamilə ikinci dərəcəli məsələləri ön plana çıxardılar və nəticə etibarilə Avropa ciddi itkilərlə üz-üzə qaldı. Halbuki Avropanın bu vəziyyətdən çıxmaq üçün çox ciddi resursları var. Güclü iqtisadiyyatlara, inkişaf etmiş hərbi sənayeyə sahibdirlər. Amma görürsünüz ki, vəziyyətdən çıxa bilmirlər. Niyə? Çünki  Makron bir Şarl de Qoll deyil, Starmer bir Marqaret Tetçer deyil, Fridrix Mers və ya ondan əvvəlki Olaf Şolts bir Bismark deyillər və ola da bilməzlər. Onlarda  o bacarıq, o potensial yoxdur.
Donald Tramp isə qarşısında kimlərin oturduğunu yaxşı bilirdi və onlardan nəyi hansı şəkildə ala biləcəyini görürdü. Azərbaycan prezidenti ilə gprüş zamanı, bəli,  Tramp fərqində idi ki, İlham Əliyev 2003-cü ildən hakimiyyətdədir və bu 20 ildən artıq müddətdə heç vaxt nə Amerika, nə Rusiya, nə də başqa hansısa güc mərkəzlərinin dəstəyinə bel bağlamayıb. Xarici siyasətini özü müəyyənləşdirib. Verdiyi ən böyük vəd - Qarabağın işğaldan azad olunması doğru zamanı gözləyərək, düzgün gedişlər edərək həyata keçirib. Tramp anlayırdı ki, İlham Əliyev bundan sonra da heç vaxt gücdən qorxub geri addım atmayacaq qədər qətiyyətli liderdir. Ona görə də Tramp bilirdi ki, İlham Əliyevdən hədə-qorxu ilə nəsə qoparmaq olmaz. ABŞ-nin Azərbaycandan qat-qat böyük dövlət olması faktı da burada işə yaramaz. Əksinə, o da fərqində idi ki, Avropa liderləri Amerikadan asılı olan dövlətlərin rəhbərləridir. İlham Əliyev isə Cənubi Qafqazda 30 ilə qədər davam edən işğal faktorunu aradan qaldıraraq status-kvonu dəyişdirən, regionu yeni dünya düzəninə adaptasiya edən və güc mərkəzinə çevirən inşaedici liderdir.
Bu müqayisəyə də məhz bu nöqtədən yanaşmaq lazımdır. Trampın Avropa liderləri ilə Azərbaycan liderinə fərqli yanaşmasının səbəbi də həm davranışlarında, həm də bəyanatlarında özünü göstərirdi. Avropanın güc və nüfuz itkisinə gəldikdə isə, bəli, bu gün Avropa ciddi təsir itkisi ilə üz-üzədir. İndi Avropa özünü silkələyib ayılmalıdır. Makron kimi liderlərlə Avropa öz maraqlarını müdafiə edə bilməyəcək. Avropa elə liderlər yetişdirməlidir ki, onlar həqiqətən də ciddi mövzularda qətiyyətli addımlar ata bilsinlər. Məsələn, bu gün Makronu Çin sədri Si Cinpinlə qarşı-qarşıya qoysaq, Fransa maraqlarını müdafiə edə biləcəkmi? Yaxud Putinə qarşı Fransanın mövqelərini qoruya biləcəkmi? Bu potensialı varmı? Avropa artıq özünə gəlməlidir. Tarixdə olduğu kimi ciddi fiqurlar, əsl liderlər çıxara bilməlidir ki, bu problemlərin qarşısını ala bilsin". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr