“Rusiyanın Azərbaycana göstərdiyi təzyiqlər köhnəlmiş metodlardır və çarəsizlik sindromudur. Bununla Azərbaycanın geriyə addım atmasını düşünmək mümkünsüzdür”.
Bunu “Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib.
Onun fikrincə, Azərbaycanın Cənubi Qafqazın gələcəyini yeni formada şəkilləndirməsi və gələcək müharibələrin önlənməsindəki produktiv rolu Rusiyanı ciddi şəkildə narahat edir:
“Etnik münaqişə, torpaq işğalı ilə planladığı müharibələrin sona çatması Rusiyanın planlarına daxil deyil. Zəngəzur dəhlizinə nəzarət də məhz buna görə Rusiya üçün vacib idi. Rusiya ötən 5 il ərzində öz nəzarətində olacağına tam əmin olsaydı, çoxdan o dəhlizin açılması üçün bütün imkanlarını səfərbər edərdi. Amma müqavimət buna imkan vermirdi. Azərbaycan gələcəkdə təxribatlarla üzləşməmək üçün təhlükəsiz dəhliz istəyirdi. Ermənistan isə Rusiyanın orbitindən uzaqlaşmaq istədiyindən, özü üçün daha real variantı seçdi”.
Rəfail Becanov bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinin hansı formada istifadəsi Ermənistanın seçimidir. Lakin Rusiya tərəfi bunun müqabilində Azərbaycana qarşı hücuma keçib. Zatilinin, Tolstoyun, Valuyevin, təxribatçı Solvyovun, Simonyanın dili ilə Azərbaycanı təhdid edirlər:
“Azərbaycanın Rusiya ilə problemi Zəngəzur dəhlizi ilə bağlı deyil. Azərbaycan ötən ilin dekabrında Qroznı səmasında AZAL-a məxsus təyyarənin vurulmasında iştirak edənlərin cəzalandırılmasını, baş verən hadisəyə görə üzr istənilməsini və kompensasiya ödənilməsini tələb edir”.
Rəfail Becanovun fikrincə, Rusiyanın təhdidləri Azərbaycanın geri addım atmasına hesablanıb. Amma bu məsələdə daha çox zərər görəcək tərəf Rusiyadır:
“Azərbaycanla açıq qarşıdurma Rusiya üçün həm iqtisadi, həm də hərbi baxımdan əlavə problemdir. Xüsusən Ukrayna müharibəsi fonunda bu risklər üstünlük təşkil edir. Digər tərəfdən, istər Rusiya, istər başqa bir dövlət olsun, fərq etməz, onların təzyiqləri Azərbaycanda hər hansı problemə rəvac verməyəcək. İqtisadi, hərbi, diplomatik mövqelərimiz kifayət qədər üstündür.
Daxili siyasi sabitlik və milli həmrəylik yetərincə güclüdür. Ona görə də Rusiyanın miqrantlara təzyiqləri, Ukraynada Azərbaycana məxsus yanacaqdoldurma məntəqəsinin, yaxud Ukraynaya qaz nəqlinə mane olmaq üçün ABŞ və Azərbaycandan LNG idxalı üçün istifadə olunan qaz kompressor stansiyasının vurulması, münasibətlərin gərginləşdirilməsi ilə bizi geri addıma məcbur etmək mümkün deyil. Bu düşünlməmiş addımlarla yalnız Rusiya Azərbaycanda itən nüfuzuna daha ağır və sarsıdıcı zərbələr vurur”.
Rəfail Becanov bildirib ki, Rusiyanın miqrantlar vasitəsi ilə Azərbaycana təzyiqləri birinci dəfə deyil:
“20 il əvvəl də bu tip addımlar atılıb. Məsələn, 2006-cı ildə Moskvada bazarda keçirilən reydlər zamanı təqribən 600 azərbaycanlı saxlanıldı. Onlarla polis bölmələrində və saxlama təcridxanalarında çox amansız rəftar edilir, hətta su və qida belə verilmirdi. Yaxud 2013-cü ildə bir azərbaycanlının təqsirləndirilməsinə görə 1200 nəfər azərbaycanlı saxlanıldı və onlar məhkəmə qərarı olmadan deportasiya edildilər.
5 il bundan əvvəl də leqallaşma adı altında aparılan yoxlamalarda saxlanıların yarıdan çoxu azərbaycanlı idi. Yəni Rusiyanın Azərbaycan qarşı münasibəti bu günün, dünənin məsələsi deyil. Rusiyanın Azərbaycana qarşı təzyiqləri sistemli və xüsusi siyasi amillərlə bağlıdır”.
“Cebheinfo.az”