AZ

Gənclər magistratura təhsilindən imtina edirlər - SƏBƏBLƏR

Magistratura üzrə boş qalan plan yerlərinə ixtisas seçimin nəticələri ötən gün açıqlanıb.

Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) boş qalan yerlərə qəbul olunub.

Modern.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, Azərbaycanda magistratura təhsilinə marağın əvvəlki illərlə müqayisədə azalması və müəyyən ixtisaslarda yerlərin boş qalması həm sosial, həm iqtisadi, həm də təhsil sisteminin özünə aid səbəblərindən qaynaqlanır:

“İlk növbədə, hazırkı reallıq ondan ibarətdir ki, əmək bazarı ilə magistratura pilləsi arasındakı əlaqə kifayət qədər zəifdir. Yəni bir çox sahələrdə magistr dərəcəsi işə qəbul üçün əsas meyar kimi qiymətləndirilmədiyi üçün tələbələrdə əlavə oxumaq motivasiyası aşağı düşür. Əksinə, əmək bazarında bacarıq yönümlü təlimlərə, beynəlxalq sertifikasiyalara və praktiki biliklərə daha çox üstünlük verilir. Bu da gənclərin bir hissəsini magistratura deyil, kurslar və alternativ inkişaf yolları seçməyə vadar edir”.

Təhsil eksperti bildirib ki, ödənişli əsaslarla ayrılan yerlərin kifayət qədər bahalı olması marağı azaldan amillərdəndir:

“Çünki bakalavr təhsili bitirdikdən sonra əksər gənc dərhal iş həyatına atılmaq istəyir, maddi yükü azaltmaq üçün işləməyi təhsildən üstün tutur. Bu səbəbdən də ödənişli magistratura proqramları yetərincə tələbə cəlb edə bilmir.

Eyni zamanda, bəzi ixtisaslarda magistr proqramlarının məzmunu gənclərin gözləntilərinə cavab vermir. Daha çox nəzəriyyə üzərində qurulan dərslər real bacarıqların formalaşmasına imkan yaratmır. Halbuki bu gün dünya təcrübəsində magistratura əsasən tədqiqat, peşəkar ixtisaslaşma və innovativ yanaşmaların tətbiqi ilə xarakterizə olunur. Bizdə isə bəzi hallarda bakalavrın davamı kimi göründüyü üçün tələbə özündə əlavə dəyər hiss etmir”.

Əmrah Həsənlinin sözlərinə görə, bir mühüm məqam da xarici təhsil alternativlərinin mövcudluğudur:

“Son illərdə bir çox gənc Avropada və Türkiyədə magistratura təhsilini daha əlçatan hesab edir. Təqaüd proqramları, geniş ixtisas seçimi və beynəlxalq diplomun əmək bazarında verdiyi üstünlüklər onları ölkədən kənara yönləndirir”.

O eyni zamanda əlavə edib ki, ümumilikdə magistraturaya marağın azalması təsadüfi deyil. Ekspertin fikrincə, bu həm təhsil siyasətində, həm əmək bazarının tələblərində, həm də gənclərin gələcək planlarında meydana gələn dəyişikliklərin nəticəsidir.

“Burada əsas məsələ magistratura təhsilini yenidən cəlbedici etməkdir. Bunun üçün proqramların məzmunu daha praktik və müasir tələblərə uyğunlaşdırılmalı, ödəniş mexanizmləri daha əlçatan olmalı və ən əsası, işə qəbul zamanı magistr dərəcəsinin real üstünlükləri təmin edilməlidir. Yalnız bu halda biz boş qalan yerlərin azalmasını və gənclərin marağının artmasını müşahidə edə bilərik”,- deyə ekspert bildirib.

Seçilən
24
4
modern.az

5Mənbələr