“Dalga Beach”in əməkdaşları 5 aya yaxındır ki, maaşlarını ala bilmədiklərini deyirlər.
Bakıvaxtı.az “Xəzər Xəbər”ə danışan işçilərin sözlərinə görə, çalışdıqları restoran 50-yə yaxın əməkdaşın maaşını vermir və rəhbərlik müxtəlif vədlərlə onları gözlədir.
“Emin müəllim 3 ay yarımlıq maaşımı vermir. 1750 manat mənə borcu var. Gecələr mətbəxdə işləmişəm. İndi ona deyirəm ki, maaşımı ver, məni ələ salır. Deyir ki, kartını at, ataram. Amma maaşımı göndərmir. Deyir ki, gedin kimə istəyirsiniz şikayət edin, vermirəm”, - xanım əməkdaş bildirib.
Digər əməkdaş da bildirib ki, rəhbərlik onları aldadır: “Zəng edib deyirəm ki, xəstə adamam, məni ora gətirmə. Gəlirik, deyir verəcəyəm, vermir, aldadır bizi”.
Başqa bir xanım əməkdaş isə qeyd edib ki, rəhbərliyin ona 2050 manat borcu var: “Mənim 4 aylıq maaşım verilməyib, 2050 manat edir. Elə deyir, pulu ayın 5-i, 10-u və ya 25-i verəcəyəm, amma ödəmir”.
Şikayətçilər deyib ki, sözügedən restoran fəaliyyət göstərmir, rəhbərlikdən də xəbərləri yoxdur.
İşçilər iddia ediblər ki, bu müddət ərzində onlara əmək müqaviləsinin olduğu deyilib, amma işdən ayrıldıqdan sonra onlar əmək müqaviləsi olmadan, qeyri-rəsmi şəkildə çalışdıqlaırnı öyrəniblər.
Məsələ ilə bağlı vətəndaşların şikayətçi olduğu Emin İbadov zəngləri cavabsız qoyub.
Dövlət Əmək Müfəttişliyindən isə bildirilib ki, əmək münasibətləri ancaq əmək müqaviləsi əsasında qurula bilər. Əmək müqaviləsi bağlanmadan işə cəlb edilən şəxslər gələcəkdə əmək, sosial və iqtisadi hüquqlarını itirmək riski ilə üzləşirlər. Müqavilə bağlanılması həm işçinin, həm də işəgötürənin hüquqlarının qorunması üçün məcburi və zəruri şərtdir.