AZ

Günəbaxanlar diyarı Tekirdağ

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Tekirdağ Türkiyənin Avropa qitəsində yerləşən 3 vilayətindən biridir. Mərmərə dənizinin şimal-qərbində münbit, məhsuldar torpaqlarda yerləşir. Xəritəyə baxsaq, görərik ki, şərqdən İstanbul, qərbdən Ədirnə və Çanaqqala, cənubdan Mərmərə dənizi ilə və kiçik bir hissəsi Qara dənizlə əhatələnib.

Tekirdağ kənd təsərrüfatı məhsullarının ixracı üçün limanı olan ticarət mərkəzi kimi də tanınır. Bu ərazi həm də özünün geniş kanola (raps), lavanda və günəbaxan tarlaları ilə məşhurdur. Mayın əvvəllərindən iyulun ortalarına kimi Tekirdağ şəhərinin ətrafında və yaxın bölgələrdə yerləşən əkin sahələri ziyarətçilərin diqqət mərkəzində olur.

Belə ki, şəhər və qəsəbələrdən bura gələn çox sayda insan kanola, lavanda və günəbaxan bitkilərinin sarı çiçəklərindən yaranan “gül dənizi”nə baxaraq heyrətə gəlirlər. Turistlərin çoxu böyük həvəslə bu gözəlliyi fotoaparatlarının yaddaşına köçürürlər. Bu səhnə insanları, həqiqətən, çox duyğulandırır.

Yeri gəlmişkən, dünya rəssamlığında günəbaxanların əks olunduğu tablolar çoxdur. Onlardan ən gözəllərindən birini məşhur holland rəssamı Van Qoq çəkmişdir. Onun 1889-cu ildə yağlı boya ilə yaratdığı “Günəbaxanlar” əsəri dünya rəssamlıq sənətinin incilərindən sayılır. Düzdür, tabloda təkcə günəbaxan deyil, digər çiçəklər də təsvir olunur.

Çox uzağa getməyib əsas mövzumuza qayıdaq. Son illər Tekirdağda təbii studiyaları xatırladan raps, lavanda və günəbaxan tarlaları mövsüm boyu həm fotoqrafiya həvəskarlarının, həm də təbiət qoynunda vaxt keçirmək istəyənlərin məşhur məkanına çevrilib. İnsanlar bu yerləri ailəvi ziyarət etməyi xüsusilə çox sevirlər.

Tekirdağ vilayətinin Mədəniyyət və Turizm İdarəsinin müdiri Ömər Faruk Karaküçük bugünlərdə “Anadolu” agentliyinin müxbiri ilə söhbətində bildirib ki, Tekirdağda kanola, lavanda və günəbaxan tarlaları regionda turizmin inkişafına təkan verib.

Karaküçük onu da deyib ki, Tekirdağ təkcə tarixi və mədəni zənginliyi ilə deyil, həm də təbii gözəlliyi ilə diqqət çəkən bir şəhərdir: “Xüsusilə də kanola, lavanda və günəbaxan tarlaları hər il minlərlə ziyarətçini özünə cəlb edir və onları heyran qoyur. Bu rəngarəng tarlalar şəhərimizə həm estetik, həm də dəyər qatır, turizmə mühüm töhfə verir”.

Maraqlıdır ki, Tekirdağdakı əkin sahələrinin gözəlliyini əks etdirən foto və videolar sosial media və rəqəmsal platformalar vasitəsilə geniş auditoriyaya çatdırılır. Bununla da, sosial media Tekirdağın turizm tərəfdaşına çevrilir. Ziyarətçilərin sayı artdıqca yerli büdcəyə daxilolmalar da çoxalır, ən başlıcası isə vilayətdə yeni iş yerləri yaranır.

Karaküçük kanola, lavanda və günəbaxan tarlalarında təşkil edilən mədəni tədbirlərin şəhərin tanıdılmasında əhəmiyyətli rol oynadığını da vurğulayıb. Onun sözlərinə görə, bu geniş ərazilər təkcə əkinçilik üçün istifadə edilmir, həm də vizual olaraq heyrətamiz mənzərələri ilə böyük maraq doğurur:

“Bu gözəlliklər fotoqraflar üçün təbii studiya rolunu oynayır. Təbii ki, vətəndaşlarımız bu ərazilərə xatirə fotoşəkilləri çəkdirmək üçün axışırlar. Hər gün yüzlərlə, bəzən hətta minlərlə insan Tekirdağda bu bənzərsiz mənzərələrdən həzz almaq üçün gəlir. Həm yerli, həm də xarici turistlərin marağı getdikcə artır”.

Beləliklə, təbiət Tekirdağın turizm imkanlarını daha da gücləndirib. Düşünürəm ki, qardaş ölkənin turizm sahəsindəki uğurlu təcrübəsindən bizim ölkədə də yararlanmaq olar. Azərbaycanın bir çox şəhər və qəsəbələrinin ətrafında əkin sahələri, tarlalar mövcuddur ki, onların gözəlliklərini seyr etmək istəyənlər heç də az deyil. Əlbəttə, bu barədə düşünmək və fəaliyyətə keçmək pis olmazdı.

M.HACIXANLIXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
xalqqazeti.az

2Mənbələr