BAKI,TurkicWorld, Fərid Mikayılov
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21 avqustda Qırğızıstana rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəhbəri Sağınbek Abdumutalip məlumat verib.
Rəsmi açıqlamaya görə, səfər çərçivəsində dövlət başçıları dar tərkibdə ikitərəfli danışıqlar aparacaq və Yüksək Dövlətlərarası Şuranın yeddinci iclası keçiriləcək.
Görüşlərdə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlıq məsələləri, eləcə də Qırğızıstan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunacaq.
Səfər proqramına mühüm tədbirlər daxildir. Liderlərin iştirakı ilə Bişkekdəki “Üntümak” parkında “Dostluğun qızıl körpüsü” abidəsinin açılışı keçiriləcək. Həmçinin Qazaxıstanın Oş şəhərində Baş Konsulluğun rəsmi açılış mərasimi və L.N. Qumilyov adına Avrasiya Milli Universitetinin Oş filialının istifadəyə verilməsi planlaşdırılıb.
Bundan əlavə, səfər çərçivəsində Qazax kinosu günləri, eləcə də Bişkekdə III Qırğız-Qazax Gənclər Forumu təşkil olunacaq.
Sağınbek Abdumutalip bildirib ki, bu səfər iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.