Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə qarşı əməliyyatlar davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi və Yardımlı rayonlarında keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri - əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar.
Onlara məxsus mənzil və avtomobildən 18 kiloqram 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və ölkəyə yeni gətirilən 1435 ədəd güclü təsiredici gabapentin həbi aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.