“Şamaxı” Premyer Liqanın ilk turunda sürpriz nəticəyə imza atmağı bacardı.
Yeilənmiş “Neftçi” ilə səfər qarşılaşmasında mübarizlik nümayiş etdirən bölgə təmsilçisi meydanı 1 xalla tıərk etdi – 1:1.
Sportinfo.az-a müsahibə verən rumıniyalı yarımmüdafiəçi Andrey Tırkoveanu matçla bağlı sualları cavablandırıb.
- Məntiqlə nəticə sizi qane etməlidir.
- Ümumi oyuna baxsaq, təbii ki, yaxşıdır. Bəzən təhlükəli vəziyyətlər yaradırdıq, sona yaxın isə “Neftçi” böyük qüvvə ilə gəlib qələbə topunu vurmaq istəyirdi. Fikrimcə, böyük güc sərf etməklə haqq etdiyimiz 1 xalı əldə etdik. İnamlı başlanğıcdır.
-Bunun üçün nə etdiniz?
- Daha çox qaçdıq, daha çox əziyyət çəkdik. Və mənə elə gəlir ki, qələbəni “Neftçi”dən daha çox istəyirdik. Rəqibin heyətində usta futbolçular var. Keyfiyyət baxımından “Neftçi” həqiqətən başqa səviyyəsdir. Belə oyunlarda nəsə qazanmaq istəyirsənsə, güc sərf etməlisən. Başqa yolu yoxdur.
- Stadionda hər imkanda görməyəcəyimiz ab-hava var idi. Zövq ala bildin?
- Azarkeşlərin çox olmasından zövq alıram. Karyeramın böyük hissəsini bu cür atmosferdə oynamışam. Açığı, bu cür azarkeşlik üçün darıxmışdım. Düzdür, Şamaxıda azarkeşlərimiz bizi dəstəkləyir. Lakin stadion böyük deyil, həm də bir tribunalıdır deyə, bu cür ab-hava olmur.
- “Neftçi”yə qarşı oynadığınız kimi davam etsəniz, ilk “6-lıq” barədə mübarizə aparmaq olar, yoxsa real görünmür?
- Hər matçda meydanda canımızı qoyacağıq, buna əmin ola bilərsiniz. Lakin çempionat uzun marafondur. Bəzən zədələr, cəzalar qaçılmaz olur. Belə halda isə çətinliklər yaranır. İstənilən halda ötən mövsümdəkindən daha yaxşı nəticələr qazanmaq istəyirik.
- Zədəyə görə oyunu davam etdirə bilmədin. Ciddi nəsə görünür?
- Ağrılar hiss edirdim deyə, əvəzləndim. Hələ də müəyyən ağrılarım var. Ümid edirəm ki, ciddi deyil. Çünki hər matçda meydanda olmaq istəyirəm.
HƏBİB