AZ

Sosial şəbəkələrdən istifadənin daha bir ZƏRƏRİ: Hətta bir saat baxmaq belə…

Müasir reallıq ona gətirib çıxarıb ki, gözlər getdikcə ekran şüasına daha çox məruz qalır. Yeni bir tədqiqat bunun ciddi fəsadlarını üzə çıxarıb. Belə ki, hətta gün ərzində cəmi bir saat sosial şəbəkələrə baxmaq gözlərdə ciddi gərginlik yaradır.

Bizim.Media xəbər verir ki, bunun üçün Hindistanda – smartfondan istifadə səviyyəsinin 90 faizə çatdığı ölkədə alimlər 30 gənc iştirakçı ilə xüsusi monitorinq sistemi tətbiq edərək unikal eksperiment aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələrdə xoşbəxt görünmək XƏSTƏLİYİ – Saxta obrazlar necə ORTAYA ÇIXIR?


Məlumata görə, bir neçə gün ərzində könüllülər hər gün bir saat müxtəlif rəqəmsal fəaliyyətlə məşğul olublar: elektron kitab oxuyublar, video izləyiblər və sosial şəbəkə lentlərini vərəqləyiblər.

Nəticələr şokedici olub. Məlum olub ki, ən güclü mənfi təsiri məhz sosial şəbəkələrin sonsuz skrollinqi göstərib.

İştirakçıların göz bəbəkləri postlara və qısa videolara baxarkən digər fəaliyyətlərə nisbətən daha çox böyüyüb.

“Kontentin davamlı dəyişməsi və sosial şəbəkələrdə işıq intensivliyinin dəyişkənliyi gözlərə həddindən artıq yük gətirir”, — deyə tədqiqatçılar izah edirlər.

Bununla da bitmir. Alimlər yorğunluğun iki əsas göstəricisini qeydə alıblar: göz qırpma tezliyi 54–61 faiz azalıb, göz qırpmalar arasındakı interval isə 39–42 faiz artıb. Bu o deməkdir ki, gözlər daha uzun müddət açıq qalır və kifayət qədər nəmlənmir. Bu isə “quru göz” sindromu, bulanıq görmə və digər problemlərə gətirib çıxara bilər.

Əvvəlki araşdırmalarda yalnız 15 dəqiqəlik sessiyalar öyrənildiyi halda, burada tam bir saatlıq istifadənin təsiri təhlil olunub – halbuki bir çox insan bu müddəti gündə bir neçə dəfə asanlıqla keçir.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, onların portativ monitorinq sistemi rəqəmsal göz yorğunluğunun kütləvi diaqnostikası üçün mühüm vasitəyə çevrilə bilər.
 

Lakin araşdırmanın əsas nəticəsi hər bir smartfon istifadəçisinə ünvanlanıb. Məlum olub ki, sosial şəbəkələrin sonsuz skrollinqi görmə üçün ən təhlükəli rəqəmsal fəaliyyət növüdür.


“Bu iş xüsusilə indi aktuallıq kəsb edir, çünki smartfonlardan istifadə üzrə orta vaxt artmaqda davam edir. Topladığımız məlumatlar qurğulardan təhlükəsiz istifadə ilə bağlı yeni tövsiyələrin hazırlanmasına kömək edəcək və insanları daha çox fasilə etməyə, gözlərə olduqca vacib olan istirahəti təmin edəcəklər”, - deyə tədqiqat müəllifləri qeyd ediblər.

Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr