Lyudmila Salıyeva: “Sonuncu sözü “Məndən narahat olmayın, məni Vətən saxlayır” oldu...”
Ağla, ay anam, ağla,
Yaşılbaş sonam, ağla,
Göz yaşın bir yol açsın
Sel ilə dönüm, ağla...
Analar ağlayır, yollar islanır, şəhid balalarına yas tutur göz yaşları ilə.Ağlama şəhid anası, ağlama, yaran nə qədər dərin olsa da göz yaşın o yaranı sağalda bilməz. Şəhidlərin dastanı göz yaşı ilə yazılmaz ana, onlar öz dastanlarını qəhrəmanlıqları ilə yaratdılar. İndi hamı bir ağızdan şəhidlərin dastanını danışır. Şəhid ruhları yaslı deyil ana, toy-büstalıdır, qələbə cilalıdır, qəhrəmanlıq misallıdır. 18 yaşlı Qubalı Əfsan Salıyevin qısa ömür dastanı kimi...
Əfsan İlkin oğlu Salıyev 24 iyun 2002-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. İlk təhsilini İkinci Nügədi kənd 3 saylı tam orta məktəbdə alıb, 2014-cü ildə yüksək bal toplayaraq daha sonralar Quba şəhər Texniki Təmayüllü Liseyə qəbul olub, burdan məzun olandan sonra Sumqayıt Dövlət Texniki Kollecinə daxil olub. Bu kollecin avtomatlaşdırılmış sistemlərin hesablama texnikasının proqram təminatı üzrə subbakalavr dərəcəsi alıb. Ən böyük arzusu ixtisası üzrə ali təhsilini davam etdirmək olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb, ilk xidmətini Goranboy rayonunda, daha sonra Tərtər rayonu istiqamətində N saylı hərbi hissədə Quru Qoşunlarda davam etdirib.
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, üç ayın əsgəri olmasına baxmayaraq, könüllü şəkildə döyüşlərə qatılıb. Suqovuşan və Ağdərə istiqamətlərindəki ağır döyüşlərdə iştirak edib.
Əfsan oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentininsərəncamına əsasən "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Əfsanın o qədər böyük ürəyi olub ki, bu ürəkdə Vətən adlı möhtəşəm bir dünya bərqərar olub.
Vətən sevdalı, bayraq məhəbbətli Əfsan Vətən müharibəsi başlayanda üç ayın əsgəri olub və döyüşlərdə işttirak etməyi özünə borc bilib.
“Oğlumun 18 illik həyat hekayəsi qəhrəmancasına şəhidliyə qovuşmaqla bitdi”
Şəhid Əfsanın anası Lyüdmila xanım “Bakı-Xəbər”ə bildirdi ki, Əfsan 3 ayın əsgəri olmasına baxmayaraq könüllü şəkildə döyüşlərə qatılıb, əsgər yoldaşının qucağında şəhid olub. Ağır döyüşlərə qatıldığını ailəsinə bildirməyib, danışanda “hər şey yaxşıdır”-deyib. “Əfsanın 18 yaşı vardı və əsgərliyə yeni getmişdi. Müharibə başlayanda oğlum 2 ay 20 günün əsgəri olub. Özü də təhsilini yarımçıq qoyub getdi əsgərliyə. Arzusu əsgərlikdən sonra gəlib təhsilini davam etdirmək və universitetə qəbul olub oxumaq idi. Çox nümunəvi, vətənpərvər övlad olub, bizi heç incitməyib, üzü daim gülərdi, gözütox uşaq idi. Dərslərini də yaxşı oxuyurdu. Üç ayın əsgəri olmasına baxmayaraq könüllü şəkildə döyüşlərə qatılıb”.
Əsgərliyə getməmişdən iki-üç gün əvvəl bəyənib aldığı yeni paltarlarına baxıb anasına “ana, mən bu paltarları heç doyunca geyinə bilmədim” deyib. Ana deyir ki, şəhid olacağı elə bil Əfsanın ürəyinə damıbmış. “Ana, uzaqbaşı şəhid olub gələcəyəm” dedi. Oğlum şəhid olmaq arzusunda idi.Hərbi hissədən əsgər yoldaşları ilə sağalloşıb çıxanda “mən şəhid olmağa getdim” deyib. Əfsan ailənin ikinci övladı olub, onun özündən başqa bir bacısı, bir qardaşı var. Böyümüz qızdı, sonra Əfsandı, Fərid isə kiçiyimizdi.
Ailəmiz beş nəfərdən ibarət idi, indi Əfsanın yeri görsənir, hər yerdə gözümüz onu axtarır...
Sentyabrın 20-də Əfsanın yanına getdik, bu bizim onunla birinci və sonuncu görüşümüz oldu. Gedəndə özünə deməmişdik gələcəyik, qəfil getmişdik. Dedik ki, Əfsan, bizi komandirinlə tanış et, atan danışsın. Əfsan da qayıtdı ki, mənim yanıma gəlmisiniz, yoxsa komandirin? Mən Əfsana deməyə söz tapmadım. Dedim oğlum, sənin yanına gəlmişik. Çünki o həmişə istəyərdi ki, özü öz ayaqlarının üstündə dursun. Heç vaxt istəməzdi kimsə onu tapşırsın. Burda Əfsanın bir müəllimi vardı, o müəllimin də qrup yoldaşı Sumqayıtda Əfsanın müəllimi idi, dedi ki, istəyirsən səni tapşırım. Dedi ki, müəllim, nəbadə tapşırasınız, istəmirəm. İstəyirdi ki, nə qazınırdısa özü öz adına qazansın. Mərd övlad idi, heç bir çətinlikdən qorxmurdu. Bilirdim ki, harda olsa qabaqda gedəcək, çünki qorxaq və dala çəkilən uşaq deyildi.
Sonuncu dəfə oktyabrın 2-də zəng etdi, amma müharibədə olduğunu bizə demədi.Sonuncu sözü “Özünüzdən muğayat olun, Allaha əmanət olun. Məndən narahat olmayın, məni Vətən saxlayır” oldu.
Oktyabrın 3-də Əfsanın şəhid xəbəri gəldi. Əfsan Ağdərə istiqamətində, Suqovuşanda əsgər yoldaşı ilə qucaqlaşaraq şəhid olub. Oğlumun 18 illik həyat hekayəsi qəhrəmancasına şəhidliyə qovuşmaqla bitdi.
Bunu bir ana kimi yaşamaq çox çətindir, çox. Əfsan çox mərd, gözütox uşaq idi. 18 illik həyatını mərdliklə yaşadı, qəhrəmanlıqla başa vurdu”.
İllər ayrı salıb ayırsa bizi
Demək ki, quş olub uçub getmisən
Desələr bu oğlan tərk edib səni
Onda bil ki, bu dünyadan köçüb getmişəm...
Ana deyir ki, balasının şəhidliyi ilə fəxr edir, amma içindəki bala itkisi onu çox incidir, ağrıdır. Cəmi 18 il yaşayan və mərdlik, qəhrəmanlıq örnəyi olan Əfsanın dastanı uzun əsrlər boyu söyləniləcək, ana! Şəhidlər əbədi dirilərdir və onlar heç zaman ölmürlər, yaşayırlar, analarının göz giləsinə, atalarının köksünə köçüb həmişəlik diri qalırlar... Bayrağa, torpağa hopanlar unudulmur, Əfsan balamız da heç zaman yaddan çıxmayacaq. Bu xalq öz qəhrəmanlarını bağrı başında yaşatmağı yaxşı bacarır.
İradə SARIYEVA
Quba-Bakı