AZ

ADU-da “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinə başlanılıb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinə start verilib. Layihə universitetin Beynəlxalq şöbəsinin təşəbbüsü və rəhbərliyi, ADU-nun beynəlmiləlləşmə strategiyasından irəli gələn məsələlərin həlli istiqamətində Türk Şurası Türk Universitetlər Birliyinə üzv ali təhsil müəssisələrinin iştirakı ilə təşkil olunub. Proqram bir həftə davam edəcək intensiv “Dil və mədəniyyət” mövzusuna həsr edilib.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Universitetlə tanışlıqdan sonra iştirakçılar rektor Kamal Abdulla ilə görüşüblər. Rektor görüşün elm və mədəniyyət mübadiləsinə yeni imkanlar açacağına inandığını bildirib: “Azərbaycan Dillər Universiteti yalnız dil və mədəniyyətlərin öyrədildiyi bir təhsil ocağı deyil, həm də xalqları birləşdirən və mədəniyyətlərarası körpü rolunu oynayan bir elm mərkəzidir. Bizim əsas məqsədimiz müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, onların elmi və yaradıcılıq potensialını inkişaf etdirməkdir. Bu gün Türk dünyası universitetləri ilə əməkdaşlığımız genişlənir. Özbəkistanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması artıq gerçəkləşib, yaxın zamanda isə ADU-da Özbək Dili və Mədəniyyəti Mərkəzinin yaradılması nəzərdə tutulur. İnanıram ki, qarşılıqlı tərcümə layihələri sayəsində Azərbaycan ədəbiyyatı Türk dünyasına, Türk dünyasının dəyərləri isə Azərbaycan oxucusuna daha geniş şəkildə çatdırılacaq”.

Görüşdə iştirak edən prorektorlar Həmidə Əliyeva və Jalə Qəribova ADU-nun fakültələri və mərkəzləri haqqında məlumat verib, həmçinin növbəti tədris ilində keçiriləcək konfranslar barədə qonaqları məlumatlandırıblar. Qeyd olunub ki, yaxın gələcəkdə tərcümə sahəsi ilə bağlı xüsusi konfrans təşkil olunacaq.

ADU tələbələri layihənin koordinasiyasında yaxından iştirak edirlər. Yay məktəbinin proqramına Bakı şəhərinin tarixi yerlərinə ekskursiyalar, Şəhidlər xiyabanı və Fəxri xiyabana ziyarət, eləcə də Qobustan, “Atəşgah”, “Yanardağ” və Xalça Muzeyinə ekskursiyalar daxildir.

Layihədə Özbəkistan, Qazaxıstan və Türkiyənin müxtəlif universitetlərindən olmaqla ümumilikdə 11 nəfər iştirak edir.

Sonda iştirakçılara universitetin rəhbərliyi tərəfindən sertifikat veriləcək.

 

Seçilən
0
2
azertag.az

3Mənbələr