ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
18 avqust 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) “Beynəlxalq Yay Məktəbi – 2025” layihəsinin açılış mərasimi olub. Layihə universitetin Beynəlxalq şöbəsinin təşəbbüsü və rəhbərliyi ilə, ADU-nun beynəlmiləlləşmə strategiyasından irəli gələn məsələlərin həlli istiqamətində Türk Şurası Türk Universitetlər Birliyinə üzv ali təhsil müəssisələrinin iştirakı ilə təşkil olunub. Proqram bir həftə davam edən intensiv “Dil və mədəniyyət” mövzusuna həsr edilib.
Universitetlə tanışlıqdan sonra iştirakçılar ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüblər. Rektor açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və onların universitetdə iştirakını beynəlxalq əməkdaşlıq baxımından vacib hesab edib:
“Azərbaycan Dillər Universitetində sizi görməkdən məmnunluq hissi keçirirəm. Burada iştirakınızı dəyərli hesab edir, bu görüşün elm və mədəniyyət mübadiləsinə yeni imkanlar açacağına inanıram. Azərbaycan Dillər Universiteti yalnız dil və mədəniyyətlərin öyrədildiyi bir təhsil ocağı deyil, həm də xalqları birləşdirən və mədəniyyətlərarası körpü rolunu oynayan bir elm mərkəzidir. Bizim əsas məqsədimiz müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, onların elmi və yaradıcılıq potensialını inkişaf etdirməkdir. Bu gün Türk dünyası universitetləri ilə əməkdaşlığımız genişlənir. Özbəkistanda Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması artıq gerçəkləşib, yaxın zamanda isə ADU-da Özbək dili və mədəniyyəti mərkəzinin yaradılması nəzərdə tutulur. Mən inanıram ki, qarşılıqlı tərcümə layihələri sayəsində Azərbaycan ədəbiyyatı türk dünyasına, türk dünyasının dəyərləri isə Azərbaycan oxucusuna daha geniş şəkildə çatdırılacaq”.
Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Həmidə Əliyeva və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova da iştirak ediblər. Onlar ADU-nun fakültələri və fəaliyyət göstərən mərkəzləri haqqında məlumat verib, həmçinin növbəti tədris ilində keçiriləcək konfranslar barədə qonaqları məlumatlandırıblar. Qeyd olunub ki, yaxın gələcəkdə tərcümə sahəsi ilə bağlı xüsusi konfrans təşkil olunacaq.
ADU TGT-nin və THT- nın fəal tələbələri layihənin koordinasiyasında yaxından iştirak edirlər. Yay Məktəbinin proqramına Bakı şəhərinin tarixi yerlərinə ekskursiyalar, muzeylərə səfərlər, Şəhidlər Xiyabanı və Fəxri Xiyabanın ziyarəti, eləcə də Qobustan, Atəşgah, Yanardağ və Xalça Muzeyinə ekskursiyalar daxildir.
Layihədə Özbəkistan, Qazaxıstan və Türkiyənin müxtəlif universitetlərindən olmaqla ümumilikdə 11 nəfər iştirak edir.
Sonda iştirakçılara universitetin rəhbərliyi tərəfindən sertifikat veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.