AZ

Deputat: Rusiyanın Azərbaycana məxsus enerji obyektini vurması düşmənçilik münasibətinin davamıdır

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Rusiyanın Ukraynada Azərbaycana məxsus enerji obyektlərini vurması müharibənin təsadüfi gedişatı sayıla bilməz və birmənalı şəkildə bu ölkədə azərbaycanlılara qarşı islamofobiya, dini və milli ayrı-seçkilik formatında təzyiqləri ehtiva edən düşmənçilik münasibətinin davamıdır".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda özünün heç bir reallıqla uzlaşmayan ambisiyaları ucbatından kənarda qaldığı yeni konfiqurasiya ilə barışmaq istəmir:

"Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqton bəyanatı və ardınca ABŞ və Rusiya prezidentlərinin Alyaska görüşünün nəticəsi Moskvanın əlini boşa çıxardı və şimal qonşumuzu bu cür aqressiv davranışlara vadar etdi.

Lakin Rusiya unutmamalıdır ki, Ukrayna ilə müharibənin gedişində heç bir zərurət olmadan Azərbaycana məxsus və birbaşa hərbi əhəmiyyətə malik olmayan enerji obyektlərini vurması beynəlxalq humanitar hüququn kobud pozuntusudur.

Aydındır ki, Rusiya Ukraynada Azərbaycana məxsus obyektləri məqsədli şəkildə hədəfə almaqla və eyni zamanda öz ərazisində soydaşlarımıza təzyiqlər göstərməklə ölkəmizi öz aləmində nəyə isə məcbur etmək istəyir".

Deputat bildirib ki, Azərbaycan istənilən halda Rusiya ilə münasibətlərin gərginləşməsində maraqlı deyil:

"Şimal qonşumuzla münasibətlərimizin ümumbəşəri dəyərlərə sadiq qalaraq, beynəlxalq hüquq normalarına və beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə uyğun şəkildə qurulması və inkişaf etməsində maraqlıyıq.

Lakin Rusiya əgər imperialist niyyətlərdən və maraqlardan əl çəkə bilmirsə, eyni zamanda Azərbaycanla münasibətlərini özünün kölə təfəkkürlü, zəncirli siyasətçilərinə, deputatlarına, həmçinin xaltası Kremlin əlində olan jurnalistlərinə həvalə edirsə, bu, əlbəttə, şimal qonşumuzun seçimidir.

Amma Moskva unutmamalıdır ki, Azərbaycana münasibətdə aqressiv və radikal davranışları bölgəyə, ələlxüsus Rusiyanın Cənubi Qafqazdakı maraqlarına müsbət heç nə vəd etmir".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
50
oxu.az

10Mənbələr