AZ

Zelenski Trampla görüşə əliboş gedir - Nəticə ağır olacaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna lideri Volodimir Zelenskinin Ukraynadakı müharibəni dərhal dayandıra bilər. 

“Cebheinfo.az”-ın məlumatına görə, Donald Tramp bu barədə özünün “Truth Social” adlı sosial şəbəkəsində yazıb. 

Tramp şərt kimi Krımdan və NATO-ya daxil olmaq niyyətindən imtina edilməsinə eyham vurub. 

“Ukrayna Prezidenti Volodimir Zelenski istəsə, demək olar ki, dərhal Rusiya ilə müharibəni bitirə bilər, ya da mübarizəni davam etdirə bilər. Hər şeyin necə başladığını xatırla. Obamanın bağışladığı Krım (12 il əvvəl bir güllə də atılmadan) geri qaytarılmayacaq və Ukraynanın NATO-ya üzv olmayacaq. Bəzi şeylər heç vaxt dəyişməyəcək!!!”, - deyə ABŞ Prezidenti qeyd edib. 

Trampın bu çağırışına Ağ Evin rəhbəri ilə görüşmək üçün Vaşinqtona gələn Ukrayna Prezidenti dərhal cavab verib.

Volodimir Zelenski ölkəsinin hərbi əməliyyatlara son qoymağa və davamlı sülhə nail olmağa sadiq olduğunu bildirib. 

“Biz hamımız bu müharibənin tez və etibarlı şəkildə başa çatmasını eyni dərəcədə istəyirik. Sülh isə davamlı olmalıdır. Heç də çox olmayan bir neçə il əvvəl Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən, Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qalanda Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi. Yaxud 1994-cü ildə Ukraynaya təhlükəsizlik zəmanəti verilsə də, bunlar işləməyib. Təbii ki, o zaman Krımı verməyə dəyməzdi, necə ki, 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər. Ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. 

İndi əsgərlərimiz Donetsk və Sumı vilayətlərində uğur qazanıblar. Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyini səmərəli şəkildə təmin edəcəyik və xalqımız dəstək və əvəzsiz köməyə görə Prezident Trampa, Amerikadakı hər kəsə, hər bir tərəfdaşa həmişə minnətdar olacaq. Rusiya başladığı bu müharibəyə son qoymalıdır. Ümid edirəm ki, bizim Amerika və avropalı dostlarımızla birgə gücümüz Rusiyanı əsl sülhə getməyə məcbur edəcək”, - deyə Zelenski “X” sosial şəbəkəsində yazıb. 

ABŞ və Ukrayna prezidentlərinin görüşdən əvvəl verdikləri açıqlamalar danışıqların detalları ilə bir sıra fikirlər söyləməyə imkan verir.

Avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşən Donald Tramp münaqişənin həllinə nail olmaq üçün qarşı tərəflə müzakirələr aparacağını bildirib. Lakin Trampın paylaşımından məlum olur ki, ABŞ Prezidenti konsensusa nail olunmasından daha çox ukraynalı həmkarını Rusiyanın şərtlərinə razı salmağa çalışır.

Yəni Zelenskiyə ərazi güzəştlərinə getmək, daha dəqiq desək Krım yarımadasını Rusiyaya güzəştə getmək təklif olunacaq.

Lakin Volodimir Zelenskinin Trampın çağırışına reaksiyası onun bu təklifi qəbul etməyəcəyini göstərir. İlk növbədə, Ukrayna Konstitusiyasına görə, ölkənin ərazisi bütövdür, ayrılmazdır və toxunulmazdır. İkincisi, Prezidentin Ukrayna ərazisini başqa dövlətə vermək hüququ yoxdur.

Ukrayna Konstitusiyasının 78-ci maddəsinə görə, ölkənin ərazi quruluşunun dəyişdirilməsi müstəsna olaraq referendum yolu ilə müəyyən edilə bilər. Amma həm Ukraynada müharibə vəziyyətinin olması, həm də 10 milyona yaxın əhalinin qaçqın düşməsi ümumxalq səsverməsinin keçirilməsini mümkünsüz edir. Hətta referendum mümkün olsa belə, hazırkı şəraitdə Ukrayna xalqının Krımın Rusiyaya verilməsinin lehinə səs verəcəyi inandırıcı görünmür. Nəhayət, Ukrayna Konstitusiyasının 157-ci maddəsinə görə, düzəlişlər Ukraynanın müstəqilliyinin ləğvinə və ya ərazi bütövlüyünün pozulmasına yönəlibsə, Ukrayna Konstitusiyasına dəyişiklik edilə bilməz.

Yəni Ukrayna ərazisinin başqa dövlətə verilməsi heç bir halda referenduma çıxarıla bilməz. Ona görə də Prezident Zelenskidən Krımın və ya başqa bir ərazinin ilhaqını tanımaq tələbi absurddur.

Çünki Ukrayna Konstitusiyasının 102-ci maddəsinə görə, Prezident dövlətin suverenlyinin və ölkənin ərazi bütövlüyünün təminatçısdır. Bu baxımdan, Zelenski və ya başqa prezident hər hansı ərazini başqa dövlətə təhfil versə, Ukrayna Konstitusiyasını pozduğuna görə, dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd ittihamı ilə hakimiyyətdən devrilə və cinayət məsuliyyətinə cəlb edilə bilər.  Ona görə də Volodimir Zelenski bu cür hüquqi məsuliyyəti öz üzərinə götürmək əvəzinə istefa verə bilər. 

Trampın paylaşımından aydın olur ki, Zelenskiyə həmçinin, Ukraynanın NATO-ya üzvlük prosesindən imtina etmək təklif olunacaq. Lakin bu məsələ birbaşa Ukrayna Prezidentinin səlahiyyətlərinə aid deyil. Çünki NATO-ya üzvlük məsələsi Ukrayna Konstitusiyasında təsbit olunub.

Konstitusiyanın preambula hissəsində Ukraynanın NATO-ya daxil olması əsas və dönməz proses kimi qarşıya məqsəd qoyulur. Konstitusiyanın 102-cü maddəsinə görə, Ukrayna Prezidenti dövlətin Ukraynanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tamhüquqlu üzvlüyünü əldə etməsi istiqamətində strateji kursunun həyata keçirilməsinin təminatçısıdır.

Bu baxımdan, NATO-ya üzvlükdən imtina edilməsi Prezidentin səlahiyyətlərindən kənardır. Bununla bağlı məsələyə Ali Rada və ya ümumxalq səsverməsi yolu ilə qərar  verilə bilər. 

Volodimir Zelenskinin paylaşımından isə görünür ki, o, Donald Trampın təklifini qəbul etməyəcək. Bu isə danışıqların gərgin keçəcəyini və müsbət nəticə əldə olunmayacağını deməyə əsas verir.

Çünki Ukrayna birtərəfli qaydada güzəştə getməyin əleyhinədir. Əks halda, bu Ukraynanın Rusiya qarşısında kapitulyasiyası demək olar. Belə vəziyyətdə bütün Avropanın təhlükəsizliyi ciddi təhdidlə üzləşə bilər. Ona görə də Ağ Evdə aparılan müzakirələrdən sonra ABŞ və Avropa İttifaqı arasında fikir ayrılığının artması ehtimalı daha böyükdür.

Seçilən
66
50
cebheinfo.az

10Mənbələr