AZ

Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Bakı, 18 avqust, AZƏRTAC

“Dalyan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Sumqayıt şəhəri ərazisində yerləşən MMC-nin fəaliyyəti ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat inzibati cərimə olunub.

Eyni zamanda, cəmiyyətin direktoru Zamin Zahid oğlu Ağayev barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında icraat başlanaraq baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat inzibati cərimə edilib.

 

Seçilən
23
50
azertag.az

10Mənbələr