AZ

AZCON-dan narazılıq artır: Şəffaflıq və kommunikasiya siyasəti gücləndirilməlidir » AzadMedia.az



Azərbaycanın hava, dəniz, dəmir yolu, avtomobil sərnişindaşıması və poçt xidmətini birləşdirən AZCON ölkənin nəqliyyat-kommunikasiya sektorunda strateji əhəmiyyətə malikdir. Lakin bu əhəmiyyətə baxmayaraq, qurumun ictimaiyyətlə əlaqə siyasətində ciddi boşluqlar müşahidə olunur.

Adında “kommunikasiya” sözü əks olunsa da, AZCON-un ictimaiyyətlə əlaqələrə məsul şəxsi hələ də tanıdılmayıb. Bu isə həm ekspertlər, həm də ictimaiyyət üçün informasiya boşluğu və etimad itkisinə səbəb olur. Şirkətin daxili idarəetmə prosesləri barədə qeyri-müəyyənliklər, yeni daxil edilən qurumların fəaliyyəti barədə rəsmi açıqlamaların verilməməsi narazılıqları daha da artırır.

Ekspert Rauf Ağamirzəyev hesab edir ki, “AZCON-un səmərəliliyi yalnız texniki idarəetmə ilə deyil, həm də şəffaf ünsiyyət və ictimai etimadın gücləndirilməsi ilə ölçülür”. Onun fikrincə, dövlət şirkətinin davamlı və effektiv fəaliyyət göstərməsi üçün açıq kommunikasiya və hesabatlılıq əsas şərtlərdən biridir.

Digər ekspert Elvin Abbasov isə vurğulayır ki, holdinqin idarəetmə tərkibində genişlənmələr və yeni şirkətlərin daxil edilməsi barədə məlumatlar var: “Lakin bu proses ictimaiyyətə rəsmi şəkildə açıqlanmayıb. Dövlət şirkətindən gözlənti ondan ibarətdir ki, şəffaflıq təmin olunsun, sağlam münasibətlər qurulsun və kommunikasiya açıq şəkildə aparılsın.”

Mütəxəssislərin rəyinə görə, AZCON-un ictimaiyyətlə əlaqələr siyasəti köklü şəkildə dəyişdirilməlidir. Bunun üçün bir sıra addımlar vacib sayılır:

Vahid kommunikasiya platforması yaradılmalı, bütün məlumatlar orada cəmləşdirilməlidir.

İctimaiyyətlə əlaqələrə məsul şəxs rəsmi şəkildə təqdim olunmalı və daimi olaraq mediaya açıqlamalar verməlidir.

Mütəmadi mətbuat brifinqləri təşkil olunmalı, həm uğurlar, həm də mövcud problemlər barədə ictimaiyyət məlumatlandırılmalıdır.

Sosial şəbəkələrdə operativ və düzgün məlumat paylaşımı təmin edilməlidir.

Fövqəladə hallarda (qəza, təxirəsalma, əlverişsiz hava şəraiti) dərhal rəsmi məlumat verilməlidir.

Dövlət şirkəti statusunda olan AZCON-un fəaliyyəti təkcə iqtisadi maraqlar baxımından deyil, həm də ictimai etimad baxımından əhəmiyyətlidir. Əgər şəffaflıq təmin edilməzsə, şirkət barədə yayılan qeyri-rəsmi məlumatlar ictimai rəyi formalaşdıracaq və bu da uzunmüddətli perspektivdə şirkətin nüfuzuna zərbə vuracaq.

İctimaiyyətin gözləntisi ondan ibarətdir ki, AZCON daha açıq, daha hesabatlı və daha şəffaf idarəetmə modelinə keçid etsin. Çünki müasir dünyada uğurlu dövlət şirkətləri yalnız texniki göstəriciləri ilə deyil, həm də səmərəli kommunikasiya siyasəti və ictimai etimadı gücləndirməsi ilə seçilir.
Seçilən
37
50
azadmedia.az

10Mənbələr