AZ

Təhsilverən öyrətdiyi şəxsdən az maaş ala bilməz

  “Təhsilverən öyrətdiyi şəxsdən az maaş ala bilməz”.

Referans xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professorun sözlərinə görə, bakalavr təhsili olan şəxsin, elmlər doktoru və professor kimi ən yüksək elmi dərəcəyə sahib mütəxəssisdən yüksək maaş alması peşəkar ədalətə və akademik iyerarxiyaya ziddir: “Ali təhsil müəssisələrində dərs deyən və ya elmi rəhbərlik edən şəxsin aylıq əsas vəzifə maaşı onun tədris etdiyi və ya elmi rəhbərlik etdiyi şəxsin maaşından az ola bilməz.

Elmlər doktoru, professor, dosent kimi akademik statusa malik şəxslərin əsas maaş həddi, bakalavr və magistr təhsili ilə məhdudlaşan əməkdaşların maaş həddindən aşağı ola bilməz. Bu prinsiplərin pozulması hallarında dövlət və ya müvafiq icra orqanı tərəfindən əməkhaqqı siyasəti yenidən tənzimlənməlidir. 

Təhsil və elmdə motivasiyanı qorumaq, akademik iyerarxiyanın məntiqini saxlamaq, yüksək ixtisaslı kadrların inkişafına dəstək vermək lazımdır.Bakalavr təhsili ilə  yüksək maaş alan bir gəncin, onu yetişdirən, illərini elmə həsr etmiş professorundan daha çox qazanması normal görünə bilərmi? Axı bu, sanki bir ustanın öz şagirdindən ucuz qiymətə işləməsinə bənzəyir”.

Elmlər doktoru olmaq, professor adına layiq görülmək, illərlə araşdırma aparmaq, tələbələr yetişdirmək bunlar sadəcə diplomda yazılan titullar deyil

“Bunlar həm də zəhmətin, gecə-gündüz çalışmanın, yüzlərlə nəşrin və elmi tədbirlərdə verilən  konfransların nəticəsidir.

Əgər biz bu zəhməti dəyərləndirməsək, sabah gənc alimlər “Mən niyə professor olum ki? Onsuz da bakalavr maaşı professoru keçir” deyə düşünəcək. Bu, təkcə fərdi ədalətsizlik deyil, milli intellektual kapitalın itirilməsidir.

Akademik iyerarxiya yalnız titullar üçün deyil, həm də maddi dəyərləndirmə üçün qorunmalıdır. Əks halda, elmi dərəcəli təhsilverənlər motivasiyasını itirə, ixtisaslaşmadan geri qala bilər”.  

Seçilən
19
11
referans.az

10Mənbələr