AZ

PUTİN SOCAR ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Vladimir Putin “Rusiyanın sərhədləri yoxdur” deyəndə, çoxları başa düşmürdü ki, söhbət hərfi mənada Rusiya sərhədlərindən yox, daha çox işğalçılıq, şovinizm, imperiyaçılıq mərəzinə yoluxmuş bu çürük dövlətin ləyaqətsizliyinin, alçaqlığının, başıpozuqluğunun sərhədinin olmamasından gedir. Ötən gecə Ukraynanın Odessa vilayətindəki SOCAR terminalının vurularaq, demək olar, bütünlüklə məhv edilməsi də bunun bariz göstəricisi oldu…

Bəli, ola bilsin ki, doğrudan da AZAL təyyarəsi Rusiya tərəfindən bilərəkdən vurulmamışdı. Ancaq Rusiyada azərbaycanlılara qarşı repressiyalar, qətllər, ölkəmizə qarşı Kremlin apardığı çirkin təhdid və təzyiq kampaniyası, hədə-qorxular, nəhayət, Ukraynadakı SOCAR infrastrukturunun vurulması tamamilə bilərəkdən, düşünülmüş şəkildə edilən düşmənçilik və cinayətdir.

Xatırladaq ki, keçən dəfəki zərbədən sonra Azərbaycan Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıra biləcəyinə işarə vurmuşdu. Daha doğrusu, hakimyyətə yaxın media bu barədə məlumatlar yaymışdı. Niyə də olmasın? İlk növbədə Ukraynaya Qarabağdakı separatçıların qoyub qaçdığı və təhvil verdiyi silahları vermək olmazmı? Rusiya öz hərəkətləri və ölkəmizə qarşı qarşıdurmanın temperaturunu yüksəltməklə, sanki bilərəkdən Azərbaycanı cavab addımlarına təhrik edir.

Kimlərsə SOCAR-a qarşı zərbələri Kremlin hansısa anti-Azətrbaycan qülləsinin bilərəkdən təşkil etdiyini iddia edə bilər. Lakin bu qüllələrin hamısı sonda bir nöqtədə - Putinin kabinetində cəmləşir və buna görə də belə alçaq təhdid və təzyiq addımlarının Rusiya başçısının icazəsi, hətta birbaşa göstərişi olmadan atılması qəti inandırıcı deyil.

Əgər ölkəmiz Rusiya işğalçı ordusunun Ukraynada SOCAR-ın infrastrukturuna qəsdən zərbələr endirməsinə cavab olaraq Ukraynaya silah satmağa başlasa, o zaman Azərbaycan Rusiya qanunvericiliyinə görə Rusiya üçün “dost olmayan ölkələr” siyahısına daxil edilə, bu da Rusiya hüquq-mühafizə orqanları tərəfindən Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiq və təhdidləri artıra bilər. Ancaq bu təhdidlər zatən yüksələn xətlə artmaqdadır…

Onu da qeyd edək ki, Rusiyanın SOCAR-a məqsədyönlü zərbəsi Rusiya Baş nazirinin müavini Aleksey Overçukun hökumətlərarası üçtərəfli komissiyanın növbəti görüşünün 22 avqust 2025-ci ildə Moskvada keçiriləcəyini elan etməsindən sonra baş verib. Belə çıxır ki, Bakı hər şeyə rəğmən bu görüşə razılıq verib. İndi SOCAR-ın Ukraynadakı infrastrukturuna nümayişkəranə şəkildə endirilən zərbədən sonra Bakının komissiyanın işində iştirakı nə dərəcədə real və məntiqli görünər? Azərbaycan artıq dəfələrlə Moskvanın bu cür təhdid və təzyiqlərinə adekvat cavab verib. Bu zərbə də böyük ehtimalla cavabsız qalmayacaq.

Ancaq əsas olan həm də odur ki, Azərbaycanla 2022-ci ilin fevralında az qala strateji tərəfdaşlığa bərabər olan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayan Kreml və şəxsən Putinin özü bir daha onun nə sözünün, nə imzasının bir qara qəpiklik dəyərinin olmadığını göstərdi. Göstərdi ki, dünyada irtica, ləyaqətsizlik, işğalçılıq simvoluna çevrilən Putin Rusiyası üçün dost, tərəfdaş və s. bu kimi anlayışlar yoxdur, heç zaman da olmayacaq…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
50
azpolitika.info

10Mənbələr