AZ

Rusiya ilə münasibətlərdə gərginlik: SOCAR-a hücum Azərbaycana da ciddi zərər vurur – ÖZƏL

"Azərbaycanla Moskva arasındakı münasibətlər bu gün heç də rahat və problemsiz getmir. Çünki uzun müddətdir ki, Rusiya ilə Azərbaycan arasında müəyyən gərginliklər müşahidə olunur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu proseslər sərnişin təyyarəsinin vurulması hadisəsindən sonra daha da açıq görünməyə başladı. Əslində, həmin hadisədən öncə də münasibətlərdə müəyyən gərginlik var idi, sadəcə bu qədər diqqət çəkmirdi. "Rus Evi"nin bağlanması məsələsi və agentura fəaliyyətinə dair fikirlər vəziyyəti qızışdırmışdı. Ardınca prezidentin təyyarəsinin vurulma təhlükəsi ilə üzləşib geri qayıtması, sərnişin təyyarəsinin vurulması kimi hadisələr münasibətlərdəki gərginliyi daha da artırdı. Prezident dəfələrlə çıxış edərək bildirdi ki, bu gərginliyin dərinləşməsini istəmir, çünki Rusiya böyük bir dövlətdir və onunla qarşıdurmaya getməyin mənası yoxdur. Baxmayaraq ki, bəzi dairələr Rusiyanın zəiflədiyini iddia edir, əslində Rusiyanın çökməsi gündəmdə deyil.

R. Məmmədovanın sözlərinə görə, bugünkü şəraitdə Rusiyanın zəiflədilməsi üçün Qərbin tam şəkildə birləşməsi lazımdır: "ABŞ hələlik buna gedə bilmir, çünki müəyyən mənada Rusiyaya ehtiyac var. Ona görə də Rusiyanın çökməsi prosesi hələ uzun müddət çəkə bilər. Hazırda Rusiya hələ də irəliləyir və Ukrayna müharibəsində mövqelərini qoruyur. Putin və Trampın görüşü də bunu göstərdi: yekun nəticə əldə olunmadı, amma Putin müəyyən mənada vaxt qazandı və yenidən Ukraynaya zərbələr endirməyə başladı".

Siyasi şərhçi qeyd edib ki, SOCAR-ın obyektlərinə hücum isə həm Azərbaycana mesaj, həm də Ukraynaya qarşı iqtisadi zərbə kimi qiymətləndirilə bilər: "Burada iki məqam var: bir tərəfdən, Azərbaycan neftinin Ukrayna üzərindən Avropaya daşınması nəticəsində Kiyev bundan gəlir götürür, digər tərəfdən, Ukrayna həmin neftdən istifadə edə bilmir və iqtisadiyyatına zərbə dəyir. Yəni bu, sırf Azərbaycana qarşı yönəlmiş hücum deyil, daha çox Ukraynanı hər tərəfdən bloklamaq məqsədi daşıyır. Amma istənilən halda SOCAR obyektlərinə zərbə Azərbaycanın iqtisadiyyatına da ciddi ziyan vurur. Azərbaycan milyonlarla dollar itirir. Buna görə də düşünürəm ki, Rusiya ilə bu məsələ geniş müzakirə edilməlidir. Heç olmasa, Azərbaycanın neft infrastrukturuna zərər vurulmaması üçün addımlar atılmalıdır. Çünki Ukraynadakı müharibənin Azərbaycanla birbaşa əlaqəsi yoxdur. Bu müharibə əslində Qərb və Rusiya arasında gedir. Azərbaycanın iqtisadiyyatına belə zərbələrin dəyməsi yolverilməzdir".

"Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycan və Rusiya prezidentləri arasında bu məsələlərin müzakirəsi gözlənilir. Çünki münasibətlərin gərginləşməsi nə Rusiyaya, nə də Azərbaycana fayda gətirir. Burada diplomatik danışıqlar vacibdir," - deyə R. Məmmədova vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
50
olaylar.az

10Mənbələr