AZ

Pis və daha pis... Tramp Zelenskini çətin dilemma qarşısında qoyur

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Volodimir Zelenski dilemma qarşısındadır: ya Donald Trampla münaqişə riskinə getməli, ya da Ukraynanın ərazi güzəştləri bahasına başa gələn və gələcəkdə Moskvaya üstünlük verə biləcək sövdələşməyə razılaşmalıdır.

Bunu qeyd edən “Bloomberg”-in də yazdığı kimi, Zelenski Alyaskada keçirilən Tramp-Putin sammitindən dərhal sonra Vaşinqtona gəlir. Vəziyyəti ağırlaşdıran odur ki, Alyaskada Amerika lideri faktiki olaraq əvvəlki atəşkəs tələbindən imtina edib. Əvəzində, Kiyevi Putinin tələbinə uyğun olaraq, sülh planına doğru irəliləməyə çağırıb. Bu isə Zelenskiyə olduqca minimal manevr imkanı verir.

Vəziyyəti həm də Zelenskinin Trampla keçmiş gərgin təmasları mürəkkəbləşdirir. Fevral ayında Ağ Evə səfəri zamanı iki prezident arasında yaşanan mübahisə ABŞ-nin hərbi yardımının müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Bu dəfə Zelenskini Avropa liderləri, o cümlədən NATO-nun baş katibi Mark Rutte və Finlandiya Prezidenti Aleksandr Stubb müşayiət edir. Lakin nəşrin də qeyd etdiyi kimi, onların hadisələrə təsiri məhduddur.

“Bloomberg” yazır ki, Kiyev Putinin şərtlərini aydınlaşdırmağa, üçtərəfli görüşə nail olmağa və Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları gücləndirməyə inandırmağa çalışır.

Bəs buna nail olmaq mümkündürmü?

“Putinin çoxlu tələbləri var... Onların hamısını nəzərdən keçirmək üçün vaxt lazımdır – bunu silahların təhdidi altında etmək olmaz”, – Zelenski ABŞ-yə səfərindən əvvəl Brüsseldə deyib.

Doğrudur, Tramp Putinlə danışıqlardan sonra ABŞ-nin NATO-nun 5-ci maddəsi ilə müqayisə etdiyi Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak etməyə hazır olduğunu açıq şəkildə bildirib. Lakin eyni zamanda da o, Kremlin Kiyevin şərq ərazilərinin bir hissəsindən imtina etməsi ilə bağlı tələblərini səsləndirib.

Zelenski isə “ərazi mübadiləsi” ehtimalını rədd edib: "Ərazi məsələsi çox vacib olduğu üçün onu yalnız Ukrayna və Rusiya liderləri ABŞ ilə görüşdə müzakirə etməlidir. Hələlik Rusiya üçtərəfli danışıqların baş tutacağına dair heç bir işarə verməyib".

Bununla belə, bu məsələdə ukraynalıların dəstəyi əsas olaraq qalır. Artan itkilərə və uzun, üzücü müharibəyə baxmayaraq, vətəndaşların əksəriyyəti ərazi güzəştlərinə qarşı çıxır.

Avropalı müttəfiqlər isə ehtiyat edirlər ki, Ukraynaya güzəştlər Kremli yeni təcavüzə ruhlandıra bilər. Zelenski özü də etiraf edir ki, Vaşinqtonda əsas vəzifə ABŞ və Avropa arasında mövqeləri əlaqələndirmək olacaq. Bütün bunlar isə bir daha Moskvaya heç kimin inanmadığını və kağızda, sözdə yox, real zəmanətlər olmadan Kremllə anlaşmağın mənasız olduğunu təsdiqləyir.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
50
azpolitika.info

10Mənbələr