AZ

Qərb ölkələri Ukrayna üçün bunu edəcək– Bloomberg

Vətəninfo.az xəbər verir ki, Qərb ölkələri Ukraynaya təhlükəsizlik təminatları verilməsi istiqamətində müxtəlif variantlar üzərində işləyirlər. Bloomberg agentliyinin yaydığı məlumata görə, bu variantlar arasında “hava örtüyü”nün təşkili, dəstək qüvvələrinin ayrılması və monitorinq mexanizmlərinin yaradılması da yer alır. Lakin hələlik konkret razılaşdırılmış plan yoxdur.

Agentliyin diplomatik mənbələrinin bildirdiyinə görə, Qərb dövlətləri NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmləri üzərində düşünürlər. Bu maddə alyans üzvlərindən birinə hücum olduğu təqdirdə bütün üzvlərin həmin ölkəni müdafiə etməsini nəzərdə tutur. Lakin belə bir modelin Ukrayna üçün tətbiqinin bir sıra çətinliklər yaradacağı vurğulanır.

Bloomberg yazır ki, kollektiv müdafiə əvəzinə, Qərb ölkələri artıq ABŞ, Böyük Britaniya və Fransa tərəfindən razılaşdırılmış təhlükəsizlik dəstək planlarına əsaslanan yanaşmanı nəzərdən keçirirlər. Bu yanaşmaya dəstək qüvvələrinin yerləşdirilməsi, monitorinq missiyaları və “hava örtüyü”nün təmin edilməsi daxildir.

Məlumatda qeyd olunur ki, Qərb belə dəstək modelinin daha çevik və real tətbiq imkanlarına malik olduğunu düşünür.

Qeyd edək ki, İtaliyanın Baş naziri Giorgia Meloni bir müddət əvvəl Ukraynaya NATO üzvü olmadan da Alyansın 5-ci maddəsinə bənzər müdafiə təminatlarının verilməsi təklifini irəli sürmüşdü. Bu təklif NATO daxilində və beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olmuşdu.

Ukrayna Prezidenti Volodimir Zelenski də məsələ ilə bağlı çıxışında Kiyevin NATO-nun 5-ci maddəsi ilə eyni effektivlikdə təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, bu cür zəmanətlər yalnız hərbi dəstək deyil, Avropa İttifaqına tamhüquqlu üzvlük daxil olmaqla, Ukraynanın siyasi və iqtisadi təhlükəsizliyinin də təmin edilməsini əhatə etməlidir.

Hazırda Qərb ölkələrinin diplomatik və hərbi dairələri bu məsələlərin praktiki həll yolları üzərində danışıqları davam etdirir.

Seçilən
11
50
veteninfo.az

10Mənbələr