“İctimai yerlərdə müşahidə kameralarının sürətlə artması müasir cəmiyyətlərdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bu prosesin həm müsbət, həm də mənfi tərəfləri var və onları yalnız təhlükəsizlik aspektindən deyil, həm də sosial münasibətlər, insan hüquqları və azadlıqlar kontekstində qiymətləndirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, bir tərəfdən müşahidə kameraları ictimai asayişin qorunmasında mühüm vasitədir. Dünyanın bir çox ölkələrində aparılan tədqiqatlar göstərir ki, kameraların yerləşdirildiyi ərazilərdə cinayət hadisələrinin sayı azalmağa meyllidir. İnsanlar özlərini daha güvəndə hiss edir, polis orqanlarının işini asanlaşdıran əlavə sübut mənbələri formalaşır. Xüsusilə terror təhlükəsi, kütləvi tədbirlər və yol hərəkəti qaydalarının pozulması ilə bağlı hallarda kameraların rolu inkarolunmazdır: "Amma digər tərəfdən, məsələnin sosial psixoloji tərəfi də çox vacibdir. İnsan hər addımının izlənildiyini hiss etdikdə, onun davranışı dəyişir. Bu, sosiologiyada “müşahidə effekti” adlanır. Belə vəziyyətdə insanlar bəzən daha ehtiyatlı davranır, söz və hərəkətlərinə diqqət edir, amma eyni zamanda, öz təbii davranışlarını sərgiləməkdən çəkinirlər. Uzun müddətdə bu, ictimai münasibətlərdə səmimiyyətin azalmasına, fərdlərin psixoloji təzyiq altında hiss etməsinə gətirib çıxara bilər. Ən önəmlisi isə, belə bir mühitdə insanlar öz azadlıqlarının məhdudlaşdırıldığını düşünməyə başlayırlar.
Müşahidə kameralarının çoxalması ilə bağlı ən ciddi narahatlıqlardan biri məxfilik hüququdur. Hər bir fərdin şəxsi məkanı və şəxsi azadlığı var. İctimai məkanlar nə qədər açıq olsa da, orada da insanların hüquqları qorunmalıdır. Əgər kamera görüntülərinin idarə olunması və istifadəsi tam şəffaf deyilsə, onların hansı məqsədlə istifadə edildiyi aydın deyil və ictimaiyyətə hesabat verilmirsə, bu zaman cəmiyyətdə güvən böhranı yarana bilər. İnsanlar düşünür ki, onlar yalnız təhlükəsizlik üçün yox, həm də idarə olunmaq, nəzarət altında saxlamaq üçün izlənilir. Bu isə demokratik prinsiplərlə ziddiyyət təşkil edir. Digər vacib məqam təhlükəsizliklə azadlıq arasında balansın qorunmasıdır. Təhlükəsizlik insan həyatının ayrılmaz hissəsidir, amma təhlükəsizliyi bəhanə edərək azadlıqları məhdudlaşdırmaq sosial ədalət prinsiplərinə ziddir. Müşahidə kameraları düzgün qaydada tətbiq olunmadıqda, təhlükəsizlik vasitəsindən çox nəzarət mexanizminə çevrilə bilər. Bu isə ictimai münasibətlərdə gərginlik yarada, vətəndaşların dövlət institutlarına inamını azalda bilər. Bu məsələnin həlli üçün ən vacib şərt şəffaflıqdır. Kameraların harada, nə üçün və hansı şərtlərlə quraşdırıldığı ictimaiyyətə açıq elan olunmalı, görüntülərin istifadəsi hüquqi əsaslarla ciddi şəkildə tənzimlənməlidir. Vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin və ictimai təşkilatların bu prosesdə iştirakı təmin olunmalıdır. Ancaq bu halda insanlar özlərini həm təhlükəsiz, həm də azad hiss edə bilərlər. Müşahidə kameraları müasir dövrdə zəruri texnologiyadır. Amma onların istifadəsi insanların azadlıqlarını məhdudlaşdırmamalı, əksinə, balanslı yanaşma ilə həm təhlükəsizlik, həm də şəxsi azadlıq prinsiplərinə xidmət etməlidir".