AZ

Banklarda kredit götürmək üçün yaş həddi nə qədərdir?

Azərbaycanda banklardan kredit götürmək istəyən vətəndaşların ilk diqqət etməli olduğu məsələ yaş həddidir. Hazırda Azərbaycanda banklardan kredit götürmək üçün minimal və maksimal yaş həddi nə qədərdir? Ümumiyyətlə, banklar kredit verərkən hansı əsas meyarlara — gəlir səviyyəsi, kredit tarixçəsi, iş stajı və s. — üstünlük verirlər?
 
Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kredit almaq üçün şəxsin 18 yaşında olması tələb olunur. İqtisadçının sözlərinə görə, bu yaşdan sonra vətəndaş tam hüquqlu olaraq maliyyə və iqtisadi münasibətlərə daxil ola bilir:
 
 “Bununla belə, bəzi hallarda xüsusi istisnalar mümkündür və 16–17 yaşlı şəxslər də müəyyən şərtlərlə kredit götürə bilirlər.
Maksimal yaş həddi isə qanunla müəyyən edilməyib. Yəni, yaşlı vətəndaşlar da bankdan kredit ala bilərlər. Bu istisna yalnız dövlət tərəfindən verilən ipoteka kreditlərində tətbiq olunur. Belə hallarda kreditin qalıq müddəti pensiya yaşına uyğun müəyyən edilir. Avtomobil krediti, istehlak krediti və biznes kreditlərində isə yuxarı yaş həddi yoxdur və bank öz risk qiymətləndirməsinə əsasən qərar verir.
Kredit verərkən bankların əsas diqqət yetirdiyi meyar isə gəlirin stabilliyi və səviyyəsidir. Banklar rəsmi sənədlərlə təsdiqlənmiş gəliri nəzərə alır və məqsəd, kreditin müəyyən edilmiş qrafik üzrə geri ödənilməsinə əmin olmaqdır. Hər hansı gecikmə və ya qeyri-sabit gəlir hallarında bank kredit verməkdə ehtiyatlı davranır.
Digər vacib faktorlar arasında kredit tarixçəsi və iş stajı da yer alır. Əgər vətəndaş əvvəlki kreditlərini vaxtında qaytara bilməyibsə və ya ciddi gecikmələr mövcuddursa, bank riski qiymətləndirərək kredit verməkdən imtina edə bilər.
Beləliklə, Azərbaycanda kredit almaq istəyən hər bir vətəndaşın əsas diqqət etməli olduğu kriteriyalar yaş, gəlirin stabilliyi və kredit tarixçəsidir. Qanunvericilik yuxarı yaş həddini məhdudlaşdırmasa da, banklar öz risk qiymətləndirməsinə əsasən qərar verirlər”.
 
İqtisadçı qeyd edib ki, Azərbaycanda bankdan kredit almaq istəyən vətəndaşlar üçün əsas kriteriyalardan biri kredit tarixçəsidir:
 
 “Əgər əvvəlki kreditlər vaxtında qaytarılmayıbsa, bank bu vəziyyəti diqqətlə qiymətləndirir. Burada məqsəd yalnız keçmiş gecikmələri yoxlamaq deyil, həm də vətəndaşın maliyyə vəziyyətinin yaxşılaşıb-yaxşılaşmadığını müəyyən etməkdir. Əgər risklər aradan qalxıbsa və gəlir stabildir, bank kredit verməyə davam edə bilər. Bu zaman Mərkəzi Bankın hər hansı məhdudiyyəti yoxdur; qərar tamamilə bankın risk qiymətləndirməsinə əsaslanır.
Digər vacib faktor isə iş stajıdır. Bank burada sadəcə iş müddətinin uzunluğuna baxmır, əsas məqsəd vətəndaşın gəlirinin stabilliyini qiymətləndirməkdir. İş stajı göstəricisi vətəndaşın davamlı işlədiyini, gələcəkdə də gəlir əldə etmə ehtimalının olduğunu göstərir. Lakin bu, yalnız mütləq tələb deyil — sahibkarlar, daşınmaz əmlak gəliri olan şəxslər və ya digər stabil gəlir mənbələri olan vətəndaşlar da kredit ala bilirlər.
Beləliklə, bankların qiymətləndirmə sistemi əsasən kreditin geri qaytarılma qabiliyyətinə yönəlib. Gəlirin stabilliyi, maliyyə vəziyyətinin sağlamlığı və kredit tarixçəsi birgə analiz edilərək qərar verilir. İş stajı və digər məlumatlar isə bu qiymətləndirmənin daha dəqiq aparılmasına xidmət edir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
64
50
moderator.az

10Mənbələr