AZ

Tramp-Putin razılaşması: Azərbaycana təzyiqlər artırılır -Politoloqdan ŞƏRH

"Alyaskada keçirilən Tramp–Putin görüşü təkcə iki supergücün münasibətlərini deyil, bütövlükdə beynəlxalq nizamı müəyyənləşdirəcək hadisə kimi tarixə düşdü. Bu sammitdən sonra dünyanın müxtəlif paytaxtlarında fövqəladə müşavirələrin keçirilməsi təsadüfi deyil. Hər kəs anlayır ki, Alyaskada qəbul edilən qərarlar və gizli razılaşmalar qlobal güc balansına bilavasitə təsir göstərir".

Bu fikirləri Redaktor.az-a Tramp-Putin görüşünü şərh edən politoloq Qəvami Sadiqbəyli bildirdi. Onun sözlərinə görə, görüşdən dərhal sonra Avropa İttifaqının 27 ölkəsindən olan səfirlər Brüsseldə fövqəladə iclasa toplaşaraq Alyaska görüşünün nəticələrini müzakirə ediblər.

"Aİ Nümayəndələr Komitəsi (COREPER) qarşıdakı mərhələdə Ukrayna ilə bağlı atılacaq addımları müəyyənləşdirmək üçün xüsusi plan hazırlayır. Avropa İttifaqı  Putinin Alyaskada irəli sürdüyü  şərtlərlə razılaşmayıb. Bu o deməkdir ki, Ukraynada  müharibə davam edəcək. Bu, bir daha göstərir ki, Qərb Alyaska sammitini Moskvanın davranışlarına təsir edə biləcək dönüş nöqtəsi kimi qiymətləndirir".

Müsahibimizin sözlərinə görə, Alyaska sammiti  Azərbaycana da təsirsiz ötüşməyib:

"Tramla Putin görüşündən  sonra Rusiya Azərbaycanla  hərbi müstəvidə qarşıdurmanın perspektivsiz olduğunu başa düşüb. Buna baxmayaraq, Kreml ənənəvi siyasətindən əl çəkmir. Moskva Azərbaycana qarşı “hibrid müharibə” alətlərinə üstünlük verməyə başlayıb. Bakıya qarşı aparılan "hibrid" müharibənin əsas istiqamətləri artıq özünü göstərməkdədir. Rusiyadakı azərbaycanlı diasporanın  sıxışdırılması, azərbaycanlı biznes dairələrinə təzyiqlərin artırılması, Azərbaycandan Rusiyaya ixrac olunan məhsulların sabotaj edilməsi, dövlət internet resurslarına və KİV-lərə qarşı kiber hücumların artırılması, dezinformasiya xarakterli xəbərlərin yayılması və ictimai rəyin çaşdırılması da buna sübutdur. Məqsəd Azərbaycanın beynəlxalq nüfuzunu zəiflətmək, ölkə daxildə vətəndaşların dövlətə inamını sarsıtmaqdır. Lakin dünya ictimayyəti və xalqımız bilir ki, Azərbaycan dövləti 34 illik müstəqillik tarixində çətin sınaqlardan keçib. Ərazi bütövlüyünü bərpa edən, beynəlxalq müstəvidə nüfuzunu artıran Azərbaycan dövləti və xalqı bu cür təzyiqlərə qarşı yetkin siyasi iradə nümayiş etdirib.

Bizim əsas gücümüz dövlətimizin suverenliyi, çoxmillətli xalqımızın birliyi və müstəqil xarici siyasət kursumuzdur. Azərbaycan ictimaiyyəti bilməlidir ki, informasiya təxribatları düşmənin ən təhlükəli silahıdır. Alyaska görüşü həm də yeni geosiyasi mərhələnin başlandığını göstərdi. ABŞ və Rusiya arasında münasibətlərin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq, Azərbaycanın əsas vəzifəsi milli maraqları  qorumaq, dövlətin strateji müttəfiqləri ilə əlaqələrini gücləndirmək və dezinformasiya hücumlarına qarşı informasiya təhlükəsizliyini təmin etməkdir. Bu gün hər bir vətəndaşımız ayıq-sayıq olmalı, yalnız rəsmi dövlət qurumlarının açıqlamalarına inanmalı, milli birliyimizi sarsıtmağa çalışan qüvvələrin təxribatlarına uymamalıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
49
50
redaktor.az

9Mənbələr