AZ

İsrailin "şil-şülküt" etdiyi İran Bakıdan qisas alır: "Xəzər"  adı dəyişdirilsin

Xatırlatmağa ehtiyac yoxdu, hamınızın yadındadır ki,  13 iyun 2025-ci il, səhər saatlarında İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu başladı. "12 günlük savaş" kimi tarixə düşən bu münaqişə cəmi 12 gün çəksə də amma İran üçün ağır itkilərə mail oldu.
İsrail Müdafiə Qüvvələri və Mossad tərəfindən həyata keçirilən hücumlar nüvə obyektlərini, hərbi obyektləri və rəsmilərin iqamətgahını hədəf aldı və darmadağın etdi. 
İran üçün ən qorxunc olanı isə 14 iranlı nüvə alimi , eləcə də SEPAH-dan 20-dən çox məmur və digər yüksək rütbəli komandirlər, ( 10 -u general olmaqla) öldürülməsidir.
 Bəli,  partlayışlar ölkənin ən mühüm nüvə obyektlərindən birinin yerləşdiyi İranın İsfahan vilayətinin Natanz şəhərində qeydə alındı. Xondab və Xürrəmabaddakı nüvə obyektləri yerlə yeksan edildiyi də təsdiqləndi.
Üstəlik bir sıra iri şəhərlərdə  bombardman zamanı xeyli dağıntılar  olduğu da təsdiqləndi.


   Üstəlik bu 12 gündə 610 İranlının bombardman zamanı  öldüyü , 4700 nəfərdən isə çoxunun yaralandığı rəsmən təsdiqləndi. Amma HRANA (2009-cu ildə iranlı insan haqları müdafiəçiləri tərəfindən insan hüquqlarının pozulması ilə bağlı gündəlik xəbərləri çatdırmaq və yaymaq üçün yaradılmış media agentliyi )iddia etdi ki, ölənlərin sayı 974,  yaralıların sayı isə 3458 nəfərdən çoxdu.

Yeri gəlmişkən, İsrail 2020-ci ilin iyulunda İrandakı Natanz nüvə mərkəzini, 2021-ci ilin aprelində Natanza baglı olan müxtəlif nüvə mərkəzlərini də vurmuşdu. Daha sonra 2021-ci ilin iyununda Kərəcdəki nüvə mərkəzi də hücuma məruz qalmışdı.

Onu da xatırladaq ki, hələ 2024-cü il  yanvarın 3-də  Kirman şəhərində Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimi iki bomba partlayışı ilə pozuldu. Hücumlarda uşaqlar da daxil olmaqla ən azı 100-dən çox adam öldü. 
 İran rəsmilərinın vurğuladığı kimi İsrail hər fürsətdə İranı hədəf alır və hər dəfəsində də onu "nokaut"a salır. İran  son 4 ildə İsrailin ona vurduğu zərərin yarısı qədər zərər vura bilməyib və  heç buna cəsarəti də çatmır. Əgər İranın zərrə qədər cəsarəti olsaydı. Elə ötən il partlayışlar baş verəndə İsraili gərəkdir ki, yerlə yeksan edəydi.  Üeyd etdiyimiz kimi etməyə cəsarəti çatmadı. Çünki ərazi və əhali sayına görə İsrail İrandan dəfələrlə az olsa da bilgi, texnoloji , inkişaf sarıdan müqayisə olunmayacaq dərəcədə yüksəkdir.

Odur ki, "hikkə gülləsi"ni soyutmaq üçün başqa ölkələri hədəf almaq İranın  artıq məqsəd və məramına çevrilib. Xüsusəndə, Azərbaycan İranın "güllə" soyudacaq ən mühüm hədəfinə çevrilib. Məsələn  ABŞ İranla bağlı sanksiya imzalayan da da Bakıya öz nifrətini bildirir. 

 Məsələn uzun illər əvvəl ,İran Xəritəçəkmə Təşkilatı Xəzər dənizinin tarixi adının dəyişdirilməsi ilə bağlı plan üzərində çalışdıqlarını bildirib. O, daxili xəritələrdə “Xəzər”in yerinə “Kaspiyən” adından istifadə olunacağını qeyd edib. Təşkilatın  2018-ci ildəki rəisi Məsud Şəfi bildirib: “Hazırda bu dənizi daxili xəritələrdə “Xəzər”, beynəlxalq səviyyədə isə “Kaspian” adı ilə tanıyırıq. Biz yerli xəritələrdə də kökü İran dilindən olan “Kaspiyən” sözündən istifadə edə bilərik”- deyə açıqlama da vermişdi.

Məsələ məlumdur, tarixçilərin məsələyə münasibətində olduğu kimi: tarix boyu Xəzər dənizi ətrafında türk tayfaları yaşayıb və çox sayda güclü dövlətlər qurublar. Bu səbəbdən Xəzər dənizi də daxil olmaqda ətraf ərzilərdə coğrafi adların böyük əksəriyyəti türk dilindədir. Bu dəniz İranda da hər zaman Xəzər dənizi adlanıb, lakin paniranistlər son vaxtlar bu ada qarşı xüsusi mübarizə aparır. Məqsəd türk kimliyi və dilini İran və Azərbaycan tarixindən silməkdir.

 Anlayanda ki, Kaspi də Xəzər  kimi türk mənşəli sözdü, bu dəfə Xəzərin adını Mazandaran gölü kimi xəritəyə salmağı qarşılarına məqsəd qoydular. 

 Mediamızda gedən bir dialoqu diqqətinizə çatdırıram: 

Mərhum prezident Heydər Əliyevlə İranın ovaxtkı hökumət başçısı arasında Xəzərin adı ilə bağlı maraqlı bir dialoqu diqqətə çatdırıb: "Xatəmi deyir ki, - "Mazandaran gölü ətrafında yerləşən ölkələrin dövlət başçılarının Aşqabadda sammiti keçirildi. Bu, çox əhəmiyyətli bir zirvə görüşü idi.

Heydər Əliyev: - Mən başa düşmədim. Mazandaran gölü nə deməkdir?

Məhəmməd Xatəmi: - Siz tərəfdə Xəzərə "Qəzvin gölü”, İranda isə "Mazandaran gölü” deyirlər. Amma heç bir tərəf narahat olmasın deyə, onun adını Xəzər dənizi qoyaq.

Heydər Əliyev: - Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz.

Məhəmməd Xatəmi: - Bəli, onun adı ingiliscə "Kaspian si”dir.

Heydər Əliyev: - Bəli, Kaspian si - Xəzər dənizi.

Məhəmməd Xatəmi: - "Dəryayi-Kaspi”.

Heydər Əliyev: - "Dəryayi-Kaspi” sözünü mən birinci dəfədir eşidirəm”.

 Uzun sözün qısası, 

12 günlük müharibədə "şil-şülküt olan İran  yenidən "Xəzər"  adına hücuma keçiblər. İyul ayının sonuna yaxın İranın bəzi siyasi dairələri Xəzər dənizinin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış etməyə başlayıblar.

İranın siyasi eksperti kimi tanınan Məcid Sayad-Navrod dedi ki, dənizin adının Xəzər olması doğur deyil. “İranın Şimal dənizinin adına müraciət etmək və onun iranlı kimliyindən qaynaqlanan vahid bir ada çatmaq dünyanın ən böyük gölünün iqtisadi və ticarət fəaliyyəti və istismarı üçün ilkin şərtlərdən və aşkar addımlardan biridir. Əslində, yerin adı bir göstərici kimi, iqtisadi göstəricilərin yaxşılaşdırılması və inkişaf edən biznes mühitinin əsasını təşkil edən, həmin nöqtənin və coğrafi xüsusiyyətin istismarı üçün milli kimliyin və brendinqin bir hissəsinin tərkib amili hesab olunur. Qlobal miqyasda bu ad Xəzər dənizi, İran ədəbiyyatında (rəsmi və danışıq dilində) və türkdilli ölkələrdə isə adı Şimal dənizi adlanır”.

 Artıq iddialar artmaqdadır  və  İran mediası bu mövzu ilə bağlı hər gün səhifəsində "palaz-palaz" yazılar verir. 

 İki gün əvvəl isə Tehran Universitetinin professoru, arxeoloq doktor Həsən Fazili müsahibəsində Xəzər dənizinin adını bəyənmədiyini söyləyib və insanlardan "Xəzər" adını işlətməməyi istəyib.

Bəli, İran 12 günlük müharibədə  İsrail Müdafiə Qüvvələri və Mossadın öldürdüyü  nüvə alimlərinin, generalların, yüksək çinli hərbçilərin , dağıdılmış nüvə bazalarının, partladılmış yaşayış evlərinin , öldürülmüş  1000-ə yaxın  ölüsünün, 4 minə qədər  yaralısının qisasını almağa çalışır. Qisasın hədəfi də bəllidir: Azərbaycan!  

İranın bu və ya digər aqressiv  hərəkətləri ,əlbəttə ki,  cavabsız qalmayacaq. Amma ona  ən çox sevdiyi, əzizlədiyi Ermənistan baş naziri Nikol  vasitəsilə çatdırmaq lazımdır ki,   belə axmaqlıq , dəlilik  etməsin! Bir az soyuq başla düşünsün!

 Dəli demişkən, bir gün dəlixanada pasiyent həkimə danışır ki, qrup şəklində intihara hazırlaşır. O, ailəsini də özü ilə o dünyaya aparacaq. Çünki yaxın vaxtlarda hamı işgəncə ilə öləcək və dirilər ölülərə qibtə edəcək. Həkim səbrlə xəstəyə izah edir ki, həyat o qədər də pis deyil, Günəş işıq saçır, quşlar oxuyur… Ölmək lazım deyil. Xəstə onu dinləyib sonra deyir:
– Həkim, sən yaxşı adamsan. Səni də özümlə aparacağam.

Məntiqlizlik çox ağır bir mərəzdir. Allah şəfa versin....

 Əntiqə Rəşid 

 

 

 

 

 

 

 

Seçilən
18
2
adalet.az

10Mənbələr