AZ

DİN yollarda təhlükəsizlik qaydaları ilə bağlı çağırış edib

Sükan arxasında yol hərəkəti qaydalarına əməl edib-etməməklə təkcə özünüzün deyil, ətrafınızdakıların da həyatını dəyişdirə bilərsiniz. Zamana qalib gəlmək üçün artırdığınız sürət sizdən gələcəyinizi, sağlamlığınızı, illərinizi alıb apara, geriyə isə sadəcə yarımçıq ömür qala bilər. O ömrün tamamlanması, bədbəxt hadisələrin olmaması, qəzalar baş verməməsi üçün yollarda sürətölçən qurğular yerləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) çağırışında bildirilib.

“DİN tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və vətəndaşlarla mütəmadi olaraq nəzarət-profilaktik tədbirlərin aparılması daim diqqətdə saxlanılır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi, bir sözlə, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas məqsədlərdən biri kimi müəyyən edilib. Radar sadəcə bir qurğu deyil, qaydalara və insan həyatının qorunmasına xidmət edən texniki vasitədir. Bugünədək baş verən qəzaların təhlili bir daha onu sübut edir ki, yol nişanlarının tələblərinə məhəl qoymayıb, avtomobili sürətlə idarə etmək, yalnız radar qurğularına yaxınlaşan zaman sürəti aşağı salmaq ağır faciələrlə nəticələnən hadisələrə səbəb olur”, - deyə qeyd olunub.

DİN bir daha sürücülərə müraciət edərək bildirib ki, sürət əksər hallarda həyatınıza həyəcan yox, fəlakət gətirir. Sürətölçən qurğuları öz təhlükəsizliyiniz üçün nəzərdə tutulan kəmər, sürət həddini isə həyatınızın qırmızı xətti bilin.

Seçilən
17
50
anspress.com

10Mənbələr