AZ

"Amerikalılar uşaqlardan imtina edir: Səbəb nədir?"  - "The Washington Post"

"Tramp administrasiyası ölkədə yeni bir "baby-boom" dalğası yaratmaq istəyir, lakin bu cəhdlər uğursuz görünür..."
 
ABŞ tarixində ən aşağı doğum göstəricisini yaşayır. Bu enişi iki güclü amil şərtləndirir: ənənəvi ailədən uzaqlaşan mədəni dönüş və uşaqların böyüdülməsi ilə bağlı ağır maliyyə yükü.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Tramp administrasiyası ölkədə yeni bir "baby-boom" dalğası yaratmaq istəyir, lakin bu cəhdlər uğursuz görünür. Seçkiöncəsi vədlər - doğumdan sonra analara 5 min dollar ödənişi və ya süni mayalanma (EKO) xərclərinin sığortaya daxil edilməsi ya yarımçıq qalıb, ya da reallıqda gözlənilən təsirini göstərməyib.
 
2024-cü ilin statistikası isə acınacaqlıdır: bir amerikalı qadına orta hesabla 1,6 uşaq düşür. Bu göstərici əhalinin təbii artımını təmin edən 2,1 səviyyəsindən xeyli aşağıdır.
 
Uşaq böyütməyin iqtisadi yükü
 
İqtisadiyyat üzrə aparılmış araşdırmalar göstərir ki, 2024-cü ildə iki işləyən valideyndən ibarət ailənin ilk uşaqdan sonra əvvəlki həyat standartını qorumaq üçün illik gəlirini təxminən 26,9 min dollar artırması lazım olub. Bu, on il əvvəlkindən daha kəskin artımdır.
 
Beləliklə, uşaq böyütmək xərcləri ailə büdcəsinin böyük hissəsini udduqca, doğum göstəriciləri də azalır. Ekspertlərin fikrincə, məsələ birdəfəlik ödənişlərlə deyil, uşağın böyümə prosesində bütün mərhələlərdə ailəni dəstəkləyən davamlı siyasətlə həll oluna bilər.
 
Yüksək doğum göstəricilərindən dərslər
 
ABŞ-da ümumi enişə baxmayaraq, bəzi bölgələr doğum sayına görə fərqlənir. Məsələn, Şimali Karolinadakı Onslou dairəsi son illər ölkə üzrə liderdir. Burada uşaq baxımı dövlət tərəfindən subsidiyalaşdırılır, evlər nisbətən ucuzdur və hərbi ailələrin çoxluğu sosial dəstək mühitini gücləndirir.
 
Başqa nümunələrdə isə ön plana mədəniyyət çıxır. Nyu-Yorkun Roklend dairəsində güclü yəhudi icması, Texasın Ektor bölgəsində latın amerikalılar, Yuta ştatında isə mormonlar ailə dəyərlərini qoruyur. Bu icmaların ortaq cəhəti isə dindarlıqdır: burada kilsəyə gedənlərin sayı ölkə ortalamasından qat-qat yüksəkdir. Nəticə də göz qabağındadır - dini və icma mədəniyyəti uşaq sayını artırır.
 
Fransa nümunəsi və ABŞ üçün çıxış yolu
 
ABŞ kimi inkişaf etmiş ölkələrdə ailə qurma istəyi azalır, amma Fransa bu tendensiyanı müəyyən qədər ləngidə bilib. Ölkə bunu dərin mədəni dəyişikliklə deyil, davamlı sosial siyasətlə həyata keçirib: üç illik ödənişli analıq məzuniyyəti, uşaq bağçası və dayə xərclərinin 85 faizə qədərini dövlətin qarşıladığı sistem, həmçinin 3 yaşdan məktəbəqədər pulsuz təhsil.
 
Əsas məqsəd sadəcə fransız modelini kopyalamaq deyil, ailəni yenidən cəmiyyətin mərkəzinə qoyacaq siyasət yürütməkdir. ABŞ-da bunun nümunəsi də var: 1998-ci ildə Oklahomada 4 yaşlı uşaqlar üçün ümumi məktəbəqədər təhsil tətbiq olunub və bu gün həmin ştat doğum göstəricilərinə görə ölkənin ön sıralarında yer alır.
 
Ekspertlərin qənaətinə görə, ABŞ əgər doğrudan da yeni nəsilləri görmək istəyirsə, bir dəfəlik təşviqlərlə deyil, ailəni mədəni və iqtisadi baxımdan gücləndirəcək davamlı siyasətlə hərəkət etməlidir.
Seçilən
84
50
moderator.az

10Mənbələr