AZ

Suriyanın birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir - Şəraa

BAKI, TurkicWorld, Səməd Əyyubov

Suriyanın prezidenti Əhməd əş-Şəraa bəyan edib ki, ölkənin birliyinə hərbi yolla nail olmaq qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, onun sözlərinə görə, Suriya artıq uzunmüddətli müharibədən yorulub və birliyin yalnız qarşılıqlı razılaşma ilə təmin olunması mümkündür.

Şəraa qeyd edib ki, bəzi qüvvələr ölkəni parçalamaq niyyətindədir, lakin buna yol verilməyəcək. O, bəzi qrupların İsrail və digər regional güclərin dəstəyi ilə hakimiyyəti ələ keçirməyə çalışdığını, lakin bunun reallaşmayacağını vurğulayıb.

O, iyul ayında ölkənin cənubundakı Süveyda vilayətində baş verən toqquşmalar zamanı cinayətlərin bütün tərəflər, o cümlədən təhlükəsizlik qüvvələri və hərbçilər tərəfindən törədildiyini etiraf edib və dövlətin məsul şəxsləri cəzalandıracağını bildirib.

Şəraa İsraili də Süveyda hadisələrinə müdaxilədə və Suriyanı zəiflətməyə çalışmaqda ittiham edib.

O, həmçinin xatırladıb ki, Dəməşq martın 10-da əldə olunan razılaşmaya əsasən şimal və şimal-şərqdəki kürd qüvvələri ilə danışıqları davam etdirir. Həmin razılaşmaya görə, kürd dəstələrinin Suriya ordusuna inteqrasiyası nəzərdə tutulurdu, lakin hələlik konkret addımlar atılmayıb.

Şəraa bildirib ki, kürdlər idarəetmədə mərkəzləşmədən imtina edilməsini istəyirlər, lakin Dəməşq bu mövqeyi qəbul etmir.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Seçilən
7
10
turkic.world

10Mənbələr